Azərbaycanla Ermənistan arasında imzalanan Bəyannamə Türk xalqlarının zəfəridir - Deputat

ABŞ-nin paytaxtı Vaşinqtonda avqustun 8-də Azərbaycanın Ermənistanla imzaladığı Birgə Bəyannamə Türk xalqlarının zəfəridir.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Şavkat Mirziyoyev qeyd edib ki, "bu tarixi sənəd iqtisadi, ticari, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları təqdim edir".
Özbəkistan Prezidenti eyni zamanda Şuşa, Xankəndi və Ağdam şəhərlərindəki qısa müddətdə əldə edilən irəliləyişdən böyük məmnunluq ifadə edib.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü türk dünyasının həmrəyliyinin, ortaq dəyərlər ətrafında birləşmək iradəsinin növbəti təzahürü olduğunu qeyd edib: "Zirvədə çıxış edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın son illərdə regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları yüksək dəyərləndirib.
Dövlət başçısının “Vaşinqtonda avqustun 8-də Azərbaycanın Ermənistanla imzaladığı Birgə Bəyannamə Türk xalqlarının zəfəridir” sözləri bu sənədin tarixi əhəmiyyətini bir daha vurğuladı. Bu bəyannamə təkcə iki ölkə arasında sülhün bərqərar olmasına deyil, həm də türk dünyasında sabitlik və əməkdaşlıq üçün yeni imkanların yaranmasına xidmət edir.
Şavkat Mirziyoyevin qeyd etdiyi kimi, bu sənəd iqtisadi, ticari və nəqliyyat sahələrində geniş əməkdaşlıq potensialı yaradır. Bu, Türk Dövlətləri Təşkilatının hədəfləri ilə səsləşir və regionu birləşdirən layihələr üçün möhkəm hüquqi-siyasi baza formalaşdırır".
Deputat həmçinin Özbəkistan Prezidentinin Şuşa, Xankəndi və Ağdamda qısa müddətdə əldə olunan irəliləyişlərə diqqət çəkməsinin isə Azərbaycanın quruculuq və bərpa siyasətinə verilən qardaş dəstəyin təzahürü olduğunu bildirib.
"Bu, həm də türk həmrəyliyinin təkcə sözlə deyil, əməli şəkildə möhkəmləndiyini göstərir. Qəbələdə səslənən bu fikirlər türk dövlətlərinin ortaq məqsəd – sülh, inkişaf və birliyə doğru inamla irəlilədiyini bir daha nümayiş etdirdi" - deyə o əlavə edib.
Elmir Heydərli
21:20 08.10.2025
Oxunuş sayı: 1293