Parlamentaridən müjdə: “Türk şengeni” məsələsi ortaya çıxa bilər

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir sıra vacib sənədlər təsdiq edilib. İclasda qəbul olunan sənədlər TDT-nin institusional əsaslarının möhkəmləndirilməsinə, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
İclasda aşağıdakı qərarlar qəbul olunub:
1. Türk Akademiyasının Prosedur Qaydalarının 1-ci və 4-cü maddələrinə düzəliş edilməsi haqqında Qərar;
2. Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi haqqında Qərar;
3. Türkmənistana Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi haqqında Qərar;
4. TDT Katibliyinin 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
5. TDT Katibliyinin 2024-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
6. Türk Akademiyasının 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
7. Türk Mədəniyyəti və İrsi Fondunun 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə).
Təsdiq olunan sənədlərin əhəmiyyəti barədə Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı Crossmedia.az-a danışıb: “Qəbələdə keçirilən iclas çox önəmli bir tarixi hadisədir. Məlum olduğu kimi, TDT-nin təməli 2009-cu ildə Naxçıvan şəhərində qoyulub. Dövlət başçısı İlham Əliyev oktyabrın üçündə təşkilatın yaranması və ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım etmişdi. Həmin paylaşımda Azərbaycan lideri TDT-nin əhəmiyyətini xüsusi vurğulamışdı”.
Parlamentari söyləyib ki, Azərbaycanın təşkilata sədrliyinin çox mühüm əhəmiyyəti var: “Zirvənin Qəbələdə keçirilməsi yalnız siyasi həmrəylik deyil, həm də TDT-nin çox ciddi bir siyasi mərkəzə, iqtisadi gücə çevrilməsinə dair dünyaya verilən mesajdır. Azərbaycan lideri Milli Məclisdəki çıxışında demişdi: “Bizim ailəmiz Türk dünyasıdır, başqa ailə axtarmırıq””.
Parlamentari əlavə edib ki, artıq “Türk şengeni” məsələsi ortaya çıxa bilər: “Bildiyiniz kimi, Avropada belə təcrübə var. Birliyi təmin edə biləcək yolda hansı maneələrin olduğu müzakirə edilməli və onlar aradan qaldırılmalıdır. Azərbaycanla, Qazaxıstanla Rusiyanın münasibətlərinin gərgin olduğu bir dönəmdə belə bir zirvənin keçirilməsi həm də Türk dünyasının verəcəyi mesajdır. TDT çox ciddi iqtisadi və siyasi birlikdir”.
Çox böyük tarixi hadisələrə şahid oluruq. Gözlərimizin önündə illərdir arzuladığımız Türk birliyi qurulur; güclü bir birlikdir. Macarıstanın da təşkilatda müşahidəçi kimi iştirak etməsi ilə yavaş-yavaş Avropanın özündən də bəzi topluluqların bu birliyə üzv ola biləcəyi gözlənilir. Çünki bu birlik regionda sülhü və təhlükəsizliyin təmin olunmasına çalışır. Bu, sadəcə Qafqazı yox, Türk dövlətlərinin yerləşdiyi Asiya xətti — Çindən başlayan qədim İpək Yolu boyunca uzanan böyük coğrafiyanı əhatə edir”.
Gülbəniz Bayramova
21:10 07.10.2025
Oxunuş sayı: 930