“Sərhədsiz incəsənət” sərgisi Azərbaycan və xarici rəssamların əsərlərini təqdim edir

Sentyabrın 29-da Müasir İncəsənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı və Beynəlxalq Rəssamlar Klubunun birgə təşkilatçılığı ilə “Sərhədsiz incəsənət - 2025” adlı sərginin açılışı olub. Bu, “Şabran-2025” beynəlxalq incəsənət simpoziumu çərçivəsində keçirilən yekun sərgidir.
Crossmedia.az xəbər verir ki, sərgidə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Gürcüstandan olan rəssamların rəngkarlıq əsərləri nümayiş olunur.
Yekun sərgidə simpozium iştirakçılarının - Məhərrəm Əliyev (Azərbaycan), Tural Moyufov (Azərbaycan), Adil Yusif (Azərbaycan), Badri Paçulia (Gürcüstan), Aleksandr Osipov (Qazaxıstan), Nurquyana Innokentiyeva (Qırğızıstan), Zühre Özkaraman (Şimalı Kipr), Fərrux Neqmat-zadə (Tacikistan), Dilşod Əzizovun (Özbəkistan) rəsm əsərləri nümayiş etdirilib.
Sərgini giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov açıb. O, simpoziumun işində iştirak edən rəssamları təbrik edib və onlara gələcək yaradıcılıq işlərində uğurlar arzulayıb. F.Xəlilov bu cür sənət görüşlərinin ölkələrimizin mədəni əməkdaşlığı çərçivəsində yaxşı fürsət olduğunu vurğulayıb, habelə belə tədbirlərin gələcəkdə də təşkil olunacağını qeyd edib.
Daha sonra sərgidə iştirak edən xarici ölkə rəssamlarına Azərbaycan Rəssamlar İttifaqının diplomları və hədiyyələri təqdim olunub. Simpozium iştirakçıları çıxış edərək yaradılmış şəraitə görə Azərbaycan Rəssamlar İttifaqına təşəkkürlərini bildiriblər.
“Şabran-2025” beynəlxalq incəsənət simpoziumu rəssamlar arasında canlı ünsiyyət və təcrübə mübadiləsi üçün unikal platforma təqdim edir, həmçinin xalqların mədəni zənginləşməsini və qarşılıqlı anlaşmanı təşviq edir.
Sərgi oktyabrın 3-dək davam edəcək.
18:14 30.09.2025
Oxunuş sayı: 707