Keniyada ilk Ebola halı qeydə alındı
Keniyada ilk dəfə Ebola virusuna yoluxma halı qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Keniyanın səhiyyə naziri Aden Dualenin sözlərinə görə, xəstə son yeddi il ərzində Konqo Demokratik Respublikasında (KDR) yaşayıb. Təxminən bir ay əvvəl xəstələnən şəxs KDR-də bir neçə xəstəxanada müalicə olunub və Nayrobiyə gəldikdən bir neçə gün sonra dünyasını dəyişib.
Nazir bildirib ki, xəstə şənbə günü təyyarə ilə Keniyaya gəlib və paytaxt Nayrobidəki əsas hava limanında standart tibbi yoxlamadan keçib. Daha sonra qohumu tərəfindən şəhərdəki xəstəxanalardan birinə aparılıb.
Keniyanın Səhiyyə Nazirliyi hadisədən sonra hava limanlarında və sərhəd-keçid məntəqələrində epidemioloji nəzarəti gücləndirib.
Məlumata görə, bu il Konqo Demokratik Respublikasında Ebola virusundan 4 mindən çox insan ölüb. Bu, xəstəliyin tarixdə qeydə alınmış ən ölümcül ikinci epidemiyası hesab olunur.
KDR-də may ayında Ebola epidemiyasının elan edilməsindən qısa müddət sonra Uqandada da yoluxma halları aşkarlanıb və iki nəfər həyatını itirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) avqust ayında Uqandanın Ebola virusundan azad olduğunu açıqlayıb.
Həmin vaxtdan etibarən yüksək yoluxuculuğu ilə seçilən Ebola virusuna dair məlum hallar yalnız Konqo Demokratik Respublikasında qeydə alınıb.
07:34 07.10.2026
Oxunuş sayı: 66