Çində qəribə tətbiq gündəm oldu: Ölüb, ölmədiyinizi yoxlayır
Çində tək yaşayan insanların təhlükəsizliyini yoxlamaq məqsədi daşıyan və istifadəçiyə hər gün sadə bir sual verən mobil tətbiq geniş populyarlıq qazanıb.
Crossmedia.az xəbər verir ki, tətbiq istifadəçiyə gündə bir dəfə “Ölmüsünüz?” sualını ünvanlayır. İstifadəçi bir toxunuşla vəziyyətinin yaxşı olduğunu təsdiqləyir. Əgər iki gün ərzində cavab verməzsə, tətbiq əvvəlcədən seçilmiş şəxslərə bildiriş göndərir.
Tətbiqin ötən il istifadəyə verildiyi və hazırda Çində ən populyar ödənişli tətbiqlərdən birinə çevrildiyi bildirilir.
Məlumata görə, tətbiq Çində insanların tək yaşamasının artması ilə bağlı sosial dəyişiklikləri də əks etdirir. Daha az insanın evlənməsi və yaşlı insanların bir qisminin ailə üzvlərindən ayrı yaşaması nəticəsində tək yaşayanların sayı artır.
Mütəxəssislər bildirirlər ki, rəqəmsal ünsiyyət imkanları genişlənsə də, insanlar özlərini daha tənha hiss edə bilirlər. Araşdırmalar isə tənhalığın müxtəlif yaş qruplarına təsir etdiyini və onlayn ünsiyyətin real həyatda insanlarla birbaşa əlaqəni tam əvəz edə bilmədiyini göstərir.
Onların fikrincə, insanlarla real həyatda vaxt keçirmək sosial bağlılıq və psixoloji rifah baxımından mühüm əhəmiyyət daşıyır.
04:03 07.10.2026
Oxunuş sayı: 50