Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlıqda yeni mərhələ başlayır - Deputat

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb. Razılaşmalar beynəlxalq hava əlaqələrinin inkişafı, şəhərlərin qardaşlaşması, gəmiqayırma, vətəndaş aviasiyası, birjalararası əməkdaşlıq və nəqliyyat-logistika sahələrini əhatə edir.
Crossmedia.az-a açıqlama verən deputat Ceyhun Məmmədov bildirib ki, bu razılaşmalar təkcə üç ölkə arasında əlaqələrin möhkəmlənməsinə yox, eyni zamanda Türk dövlətləri arasında birliyin və həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri regionda yeni əməkdaşlıq imkanlarının açılması baxımından mühüm hadisə kimi dəyərləndirilir. Səfər çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan arasında iqtisadi, nəqliyyat, logistika, aviasiya və humanitar sahələri əhatə edən mühüm sənədlər imzalanıb.
Deputat hesab edir ki, bu razılaşmalar təkcə üç ölkə arasında əlaqələrin möhkəmlənməsinə yox, eyni zamanda Türk dövlətləri arasında birliyin və həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Xatırladaq ki, bir müddət əvvəl Türkmənistan Prezidenti Azərbaycana səfər etmiş, Qarabağda bir sıra obyektlərin açılışında Prezident İlham Əliyevlə birgə iştirak etmişdi. Bu, münasibətlərin yeni müstəviyə keçdiyinin bariz göstəricisi olub.
Bu dəfə isə Aşqabadda keçirilən görüşlər zamanı həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın perspektivləri geniş müzakirə edilib. Ən önəmli məqamlardan biri Azərbaycan, Türkmənistan və Özbəkistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığa dair imzalanan Memorandum olub. Bununla yanaşı, hava əlaqələrinin inkişafı, gəmiqayırma, aviasiya və birjalar üzrə razılaşmalar əldə olunub.
Millət vəkilinin fikrincə, bu sənədlər gələcəkdə yeni layihələrin reallaşmasına, regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və Türk dünyasında siyasi-hüquqi əməkdaşlığın möhkəmlənməsinə zəmin yaradacaq.
“Bu səfər təkcə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı baxımından deyil, bütövlükdə türk dövlətləri arasında birliyin güclənməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirilməlidir”, deyə deputat bildirdi.
Beləliklə, Türkmənistanda imzalanan sənədlər Türk birliyinin iqtisadi əsaslarını möhkəmləndirməklə yanaşı, gələcək əməkdaşlıq üçün də geniş imkanlar açır.
Nigar Rəhimova
15:07 23.08.2025
Oxunuş sayı: 917