Turanı təşkil edən ana sütunlar möhkəmlənir — AÇIQLAMA

2022-ci ilin iyununda Moskva səhnəsində səssiz, lakin güclü bir diplomatik mesaj verildi. Qazaxıstan Prezidenti Qasım-Comard Tokayev Rusiya tərəfindən təqdim olunmaq istənilən “Aleksandr Nevski ordeni”ndən imtina etdi. Bu imtina sadəcə şəxsi prinsipin ifadəsi deyildi. Tokayevin “Prezident olaraq heç bir mükafat qəbul etmirəm” sözləri, əslində, imperiya mirasına qarşı ehtiyatlı və məsafəli münasibətin, milli suverenliyə sadiqliyin göstəricisi idi. “Nevski ordeni” — Rus imperiyasının tarixi simvolu, vassallığın və tabeçiliyin rəmzi kimi qəbul edilir. Tokayev bu simvolu qəbul etmədi.
2025-ci il iyulun 29-u isə Ankarada mənzərə tam fərqli idi. Orada Tokayev prinsipindən istisna etdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlindən “Dövlət Nişanı”nı qəbul etdi. Bu, sadəcə diplomatik jest deyildi – bu, qardaşdan gələn hörmətin, qan yaddaşına yazılan bir izin ifadəsi idi.
Tokayevin bu iki fərqli münasibəti, Qazaxıstanın hansı ideoloji və siyasi xətt üzrə irəlilədiyini açıq şəkildə göstərir: keçmiş imperiya simvollarından uzaq, Türk birliyinə doğru əmin adımlarla irəli getmək.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Türk Dünyası üzrə mütəxəssis İlqar İlkin bildirib ki, Qazaxıstan Prezidentinin, Türkiyənin böyük mükafatını alması bizim Türk birliyini daha da möhkəmləndirən, daha da irəli aparan bir faktor olacaq:
“Çünki bu, təkcə ordenin təqdim olunması ilə kifayətlənmir. Son səfərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onu hava limanında şəxsən qarşılaması, xüsusi jest göstərərək böyük sayğı və hörmətlə yanaşması bir daha sübut etdi ki, Türk birliyi daxilində qarşılıqlı münasibətlər çox qərarlıdır və bu münasibətlər hər keçən gün daha açıq şəkildə özünü büruzə verir. Qasım-Comərd Tokayevin vaxtilə Rusiya ordenini qəbul etməməsi də bir jest idi. Həmin dövrdən sonra onun Qazaxıstanda apardığı siyasətin – ana dil olan qazax dilinin inkişafına, qazax milli ruhunun oyanmasına və dirçəlməsinə yönəlmiş fəaliyyətinin göstəricisidir. Bu sahədə gördüyü işlər çox təqdirəlayiqdir və bunun qarşılığında, əlbəttə ki, bütün türk dövlətlərində, türk xalqları tərəfindən onun bu siyasətinə qarşılıqlı hörmət mövcuddur. Bu səbəbdən hesab edirəm ki, Tokayevin türk Dövlətindən Onur mükafatını, “Dövlət Nişanı”nı alması bizim hər birimizin ürəyimizdəndir. Çünki qardaş türk xalqları bir-birinə nə qədər yaxınlaşsa, bu, Turan təməlini təşkil edən əsas ana sütunların daha da möhkəmlənməsi deməkdir. Bunlar nə qədər möhkəm olsa bizim birliyimizdə var olacaq”.
Nəzrin Salmanova
18:37 03.08.2025
Oxunuş sayı: 3035