"Azərbaycan və Türkmənistan arasında əlaqələrin dərinləşməsi üçün böyük perspektivlər var" - Deputat

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında münasibətlərin son illərdə daha da dərinləşməsi regionda əməkdaşlıq imkanlarını genişləndirir. Xüsusilə Türk dünyasına mənsub dövlətlər arasında qurulan siyasi, iqtisadi və mədəni körpülər ortaq tarixi və dəyərlər zəminində daha da möhkəmlənir. Bu prosesdə Xəzər hövzəsi ölkələri mühüm strateji mövqeyə sahib olmaqla yanaşı, həm də Avrasiya məkanında inteqrasiya təşəbbüslərinin əsas hərəkətverici qüvvələrinə çevrilir. Məhz bu baxımdan Azərbaycanla Türkmənistan arasındakı yaxınlıq təkcə coğrafi deyil, həm də mənəvi və siyasi bağlarla güclənməkdədir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:
“Türkmənistanla Azərbaycan həm yaxın qonşu, həm də qohum ölkələrdir. Xəzər dənizi əslində Azərbaycanla Türkmənistanı ayırmır, əksinə birləşdirir. Xəzər dənizinin resurlarının istismar olunması məsələsində qardaş Türkmənistanın Avropaya və Yaxın Şərqə çıxışı istiqamətində Azərbaycan mühüm rol oynuya bilər. Türkmənistan və Azərbaycan eyni tarixi kök, eyni dəyərlər əsasında formalaşmış milli dövlətlərdir. Çox sevindirici haldır ki, Türkmənistan Xalq Məsləhətinin sədrinin Azərbaycan prezidenti ilə danışığı tərcüməsiz baş tutdu. Bu bizim ortaq əcdadlarımızdan gələn ortaq dəyərlərin, dilin yaşaması deməkdir. Bu gün Azərbaycan-Türkmənistan arasında elmi, humanitar, mədəni əlaqələrin dərinləşməsi üçün böyük perspektivlər var”.
Ayhan
13:46 17.07.2025
Oxunuş sayı: 1723