"Qarşılıqlı səfərlər və yeni layihələrin icrası Azərbaycan-Türkmənistan münasibətlərini yeni mərhələyə çıxaracaq" - Deputat

Azərbaycan ilə Türkmənistan arasında formalaşan iqtisadi əməkdaşlıq son illərdə dinamik inkişaf mərhələsinə keçid edib. Xəzər dənizi üzərindən logistika və enerji sahəsində qurulan tərəfdaşlıq əlaqələri təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda sabitlik və inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Nəqliyyat, ticarət və enerji layihələrinin genişləndirilməsi istiqamətində atılan addımlar, eyni zamanda türk dövlətləri arasında iqtisadi inteqrasiyanın güclənməsinə mühüm töhfə verir. Bakı və Aşqabad bu əməkdaşlığı təkcə mövcud platformalarda saxlamaqla kifayətlənmir, onu yeni mərhələyə daşımaq üçün sistemli fəaliyyət ortaya qoyur.
Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a açıqlamasında Azərbaycan–Türkmənistan əlaqələrinin strateji mahiyyət daşıdığını və dövlət başçılarının siyasi iradəsi sayəsində bu münasibətlərin daha da dərinləşdiyini vurğulayıb: “Bu gün Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə Orta Asiya respublikaları, o cümlədən Türkmənistanla əlaqələrini davamlı şəkildə inkişaf etdirir. Orta Asiya ölkələri ilə münasibətlərimiz ən yüksək səviyyədədir. Biz bu ölkələrin rəhbərlərinin Azərbaycana rəsmi səfərlərini və keçirilən müxtəlif görüşləri mütəmadi şəkildə müşahidə edirik. Azərbaycan bu prosesə öz töhfəsini davamlı olaraq verməkdədir”, – deyə deputat bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan ilə Türkmənistan arasında xüsusilə iqtisadi sahədə inkişaf edən münasibətlər hər iki ölkənin strateji maraqlarına xidmət edir: “Bu gün qarşımızda duran mühüm vəzifələrdən biri də məhz bu əlaqələri daha da dərinləşdirmək və genişləndirməkdir.
Sistemli şəkildə bu istiqamətdə addımlar atılır. İqtisadi münasibətlərimiz yüksək səviyyədədir, dövlət başçıları arasında səmimi və sıx münasibətlər bu əməkdaşlığın inkişafına ciddi təsir göstərir.”
Ceyhun Məmmədov onu da qeyd edib ki, qarşılıqlı səfərlər və yeni layihələrin icrası bu münasibətləri yeni mərhələyə çıxaracaq:
“Əminik ki, Türkmənistan Prezidentinin Azərbaycana səfərindən sonra əlaqələrimiz daha da güclənəcək və yeni bir inkişaf dövrünə qədəm qoyacağıq. Bu səfərlər təkcə ikitərəfli münasibətlər baxımından deyil, ümumilikdə türk dövlətləri arasında birlik və həmrəyliyin güclənməsi baxımından da xüsusi önəm daşıyır.”
Deputat əlavə edib ki, gələcəkdə ticarət dövriyyəsinin artırılması, birgə sənaye zonalarının yaradılması və enerji əməkdaşlığının dərinləşdirilməsi bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Mehriban Yariyeva
17:22 16.07.2025
Oxunuş sayı: 824