Azərbaycan və Qazaxıstan Turan ordusu qurur - TƏLİMLƏR BAŞLADI!

Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə keçirilən “Tərlan-2025” təlimi iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu cür təlimlər qarşılıqlı operativliyi artırmaqla yanaşı, regional təhlükəsizliyə də töhfə verir. Eyni zamanda, gələcəkdə mümkün birgə müdafiə mexanizmlərinin qurulması baxımından da strateji əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı hərbi ekspert Telman Qasımov Crossmedia.az-a açıqlama verib. Hərbi ekapert Telman Qasımov bildirib ki, bu təlimlər gələcəkdə ortaq müdafiə sisteminin formalaşmasına zəmin yaradır: "Azərbaycan-Qazaxıstan hərbiçilərinin iştirakı ilə keçirilən 'Tərlan-2025' təlimini müsbət qiymətləndirirəm. Əgər gələcəkdə 'Turan ordusu'nun reallaşması hədəflənibsə, bu istiqamətdə atılan addımlardan biri də məhz budur və mən bunu çox yüksək qiymətləndirirəm. Qazaxıstan da post-sovet məkanına aid ölkələrdən biridir və onun ordusu hələ gəncdir. Bu baxımdan, onların da təkmilləşməyə, güclənməyə ehtiyacları var. Çünki bizim hələ də Rusiya kimi təcavüzkar və işğalçı bir qonşumuz mövcuddur. Son hadisələr göstərdi ki, Rusiya qanunsuz və həyasız davranışlarını davam etdirir. Belə bir qonşusu olan dövlətin güclü orduya sahib olması təbii zərurətdir".
T.Qasımov bu təlimlərin regional sabitliyin təmin olunmasında və ortaq təhlükəsizlik mexanizmlərinin qurulmasında mühüm rol oynadığını qeyd edib: "Xüsusən də nəzərə alsaq ki, regionda gərginlik artır və xoşagəlməz hadisələr baş verir. Belə bir vəziyyətdə orduların qarşılıqlı şəkildə təlimlər keçirməsi, şəxsi heyətin və zabitlərin bilik və bacarıqlarının artırılmasına ciddi dəstək verir. Bu cür əməkdaşlıq həm də gələcəkdə birgə təhlükəsizlik sistemlərinin formalaşdırılması baxımından əhəmiyyətlidir".
Fatimə Nəbiyeva
14:30 09.07.2025
Oxunuş sayı: 731