“Bu sammit türk dünyasının gücünün nümayişi oldu” - Deputat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışı bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə strateji müttəfiqlik deyil, eyni zamanda əsrlərlə formalaşmış sarsılmaz qardaşlıqdır. "Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq" sözləri, təkcə siyasi bəyanat yox, həm də səmimi və dərin mənalı bir vədin ifadəsidir. Ərdoğanın çıxışı təkcə azərbaycanlılar üçün yox, bütün türk dünyası üçün ruhlandırıcı bir mesaj oldu. Bu çıxış bir daha sübut etdi ki, iki dövlət – bir millət anlayışı təkcə söz deyil, əməli siyasətə çevrilmiş gerçəklikdir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib: “Türkiyə liderinin Azərbaycanla bağlı söylədiyi fikir bu gün Türkiyə və Azərbaycan cəmiyyətində hökm sürən müqəddəs əhval ruhiyyənin göstəricisidir. Azərbaycanda keçirilən sammit dövlətimizin nüfuzunun və türk birliyinin gücünün nümayişi oldu. Türkiyə kimi nüfuzlu bir ölkə liderinin Azərbaycana vaxtaşırı səfəri, səfər zamanı Azərbaycana öz dəstəyini ifadə etməsi bu gün tarixi bir nəaliyyət kimi qiymətləndirilə bilər. Türkiyə həmişə Azərbaycanı özünə qardaş kimi, ən yaxın ölkə kimi göstərib. Biz bunu Ermənistanın torpaqlarımızı işğal dövründə də Vətən Müharibəsi dövründə də gördük. Türkiyə həm sözdə, həm əməldə Azərbaycana dəstək olub. Eyni zamanda Türkiyə də bu dostluğu, qardaşlığı Azərbaycandan görüb. Həmişə Azərbaycan Türkiyənin sevincinə və kədərinə şərik olub. 2 il bundan əvvəl baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycanın Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin açılması dünyaya bir daha Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu göstərdi”.
Ayhan
16:16 05.07.2025
Oxunuş sayı: 10138