“Xankəndidə keçirilən forumda qardaş dövlətlərin liderləri bizimlədir” – Deputat

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra qarşıda duran əsas strateji və milli prioritetlərdən biri – “Böyük Qayıdış” Proqramı – təkcə bir infrastruktur bərpası deyil, eyni zamanda tarixi ədalətin və xalqın doğma torpaqlara dönüşünün rəmzidir. Bu mühüm prosesdə təkcə ölkədaxili resurslarla deyil, eyni zamanda dost və qardaş ölkələrin, xüsusilə türk dövlətlərinin göstərdiyi mənəvi və texniki dəstək böyük önəm kəsb edir. Türk dünyasının həmrəylik nümayiş etdirməsi, işğaldan azad olunmuş ərazilərdə müxtəlif sahələr üzrə əməkdaşlıq təşəbbüsləri bu layihəyə regional səviyyədə yeni nəfəs verir və onun strateji dəyərini daha da artırır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev Crossmedia.az-a açıqlama verib: “Sevincli, eləcə də kədərli günlərdə qardaş qardaşın yanında olmalı, dost dosta kömək əlini uzatmalıdır. Türk dövlətlərinin Azərbaycanın yanında olması, istər 44 günlük Vətən müharibəsi, istər 23 saatlıq anti-terror əməliyyatı, istərsə də Böyük Qayıdış planının həyata keçirilməsində yüksək dəyərləndirilməli və qürur duyulmalıdır. Çünki türk dövlətlərinin gələcəyi ancaq birlik və həmrəylikdən asılıdır. TDT-nin yaranması və təşkilatlanması da bu məqsədə xidmət edir. Başda Azərbaycan və Türkiyə olmaqla, türk dövlətlərinin əməkdaşlığı və həmrəyliyi günü-gündən artır. Biz bunu beynəlxalq tədbirlərdə, yüksək səviyyəli forumlarda, konfranslarda görə bilərik. Böyük Qayıdış proqramı Azərbaycanın qarşıya qoyduğu məqsədlərinin yerinə yetirilməsi üçün çox vacibdir. Bu, Şuşada eləcə də Qarabağın digər regionlarında qurucluq və bərpa işlərində öz əksini tapır. Çox aydındır ki, Özbəkistan, Tacikistan, Qazaxıstan, qardaş Türkiyə bu proqramın həyata keçirilməsində Azərbaycana yaxından dəstək verirlər. Qarabağda məktəb və mədəniyyət mərkəzlərinin tikilməsi, bu sahələrə investisiya qoyulması, tez-tez Qarabağa, Şərqi Zəngəzura səfər etmələri bu dəstəyin bariz nümunəsidir. Bu gün Xankəndidə keçirilən forumda da qardaş dövlətlərin liderləri bizimlədir”.
Ayhan
14:43 04.07.2025
Oxunuş sayı: 1163