Azərbaycan və Özbəkistan arasında strateji körpü: Türk dünyasına güclü mesaj - Deputat

Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətləri son illərdə daha da möhkəmlənib. Şəxsi əlaqələrin yüksək səviyyədə olması isə iki ölkə liderləri arasında qarşılıqlı etimada və səmimi dialoqa əsaslanır. Şavkat Mirziyoyevin son səfəri bu münasibətlərin həm siyasi, həm də iqtisadi müstəvidə yeni mərhələyə keçdiyini göstərir. Liderlərin mətbuata verdiyi bəyanatlar isə əməkdaşlığın dərinləşməsinə güclü impuls verdi.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-a açıqlama verib.
O, bu iki ölkənin qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığından bəhs edib: "Azərbaycan və Özbəkistan yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi tərəfdaşlar, sınaqlardan çıxmış qardaş ölkələrdir. Azərbaycan və özbək xalqlarının tarixi və taleyi – bütün özünəməxsusluğuna baxmayaraq – çoxsaylı ortaq cəhətlərə malikdir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, Azərbaycan və özbək xalqları arasında münasibətlər qədim tarixə malikdir, xalqlarımız bütün dövrlərdə dost olub, bir-birinə dayaq olub, mədəni dəyərləri birgə inkişaf etdirib".
Deputat bu çoxşaxəli əməkdaşlığın Türk dünyasının birliyini möhkəmləndirərək regional sabitlik və inkişaf üçün mühüm əsas yaratdığını qeyd edib: "Bu dostluq və mədəni yaxınlıq günümüzdə daha da güclənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, mədəniyyət və humanitar sahələrdən tutmuş təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Bu dinamika Azərbaycan–Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyir. Son illərdə Azərbaycan–Özbəkistan əlaqələri sürətlə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri, imzalanan sənədlər və həyata keçirilən layihələr bu əməkdaşlığın dərinliyini və səmimiyyətini göstərir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Bakıya səfəri bu münasibətlərin zirvəsini təmsil edir. Səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanıb, Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib və iki ölkənin liderləri dostluq mesajları veriblər".
O səfərin simvolik məqamlarla yadda qaldığını və Azərbaycan-Özbəkistan əlaqələrinin siyasi, iqtisadi və mədəni sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib: "Səfər həm də simvolik məqamlarla yadda qalıb. Bakının “Ağ Şəhər” ərazisində salınacaq “Özbəkistan Parkı” – təkcə bir istirahət məkanı deyil, həm də xalqlarımız arasında dostluğun və mədəni bağların canlı simvoludur. 5 hektarlıq ərazidə Özbəkistanın qədim şəhərlərinin üslubunda obyektlər inşa olunacaq, restoranlar, muzey, kinoteatr və digər məkanlar parkın mədəni zənginliyini göstərəcək.
İqtisadi sahədə də əməkdaşlıq genişlənir. Enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və logistika sahələrində tərəfdaşlıq dinamik inkişaf edir. Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri çərçivəsində ölkələr arasında güclü geoiqtisadi sinerji yaranır.
Azərbaycanın Özbəkistana yatırdığı sərmayələr də artmaqdadır. 500 milyon dollar nizamnamə kapitalına malik Birgə İnvestisiya Fondu artıq bir çox layihələrin icrasına hazırdır. Bu fond enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı daha da genişləndirəcək".
Onun sözlərinə görə, bunlar Azərbaycan və Özbəkistan arasında sarsılmaz dostluq və strateji tərəfdaşlığın bariz göstəricisidir: "Ədəbi və mədəni əlaqələr də diqqətəlayiqdir. Nizami Gəncəvi və Əlişir Nəvai kimi dahilər ortaq yaddaşın simvoluna çevrilib. Hər iki ölkədə bu dahilərin abidələrinin ucaldılması, əsərlərinin nəşri və təqdimatı mədəni yaxınlığın təzahürüdür. Daşkənddə Ulu Öndər Heydər Əliyevin adını daşıyan meydanın yaradılması isə xalqlarımızın bir-birinə olan ehtiramının parlaq nümunəsidir. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və çətin günlərdə qardaşlıq mövqeyi nümayiş etdirib".
Siyasətçi yekunda Azərbaycan–Özbəkistan münasibətlərinin Türk dünyasının həmrəyliyini gücləndirən nümunəvi tərəfdaşlıq modeli olduğunu söyləyib: "Bu gün Azərbaycan və Özbəkistan yalnız siyasi və iqtisadi deyil, həm də mənəvi tərəfdaşlardır. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq bu münasibətlərə yeni strateji məzmun qazandırır.
Azərbaycan–Özbəkistan münasibətləri sadəcə iki dövlət arasında deyil, bütün Türk dünyasının birliyi və gələcəyi üçün model bir əməkdaşlıq nümunəsi kimi qiymətləndirilə bilər. İki qardaş xalq bu münasibətləri daim yeniləyərək, dostluq və birliyin sarsılmaz dayağını nümayiş etdirir".
Fatimə Nəbiyeva
17:12 03.07.2025
Oxunuş sayı: 4105