Hikmət Babaoğlu: Türk Dövlətləri Təşkilatı beynəlxalq arenada yeni mərhələyə çıxır - DEPUTAT

Türk Dövlətləri Təşkilatının beynəlxalq əməkdaşlıqlarının genişləndirilməsi, xüsusilə Afrika və digər Qlobal Cənub regionları ilə əlaqələrin qurulması gündəmdədir. Ekspertlərə görə, bu proses təşkilatın qlobal güc mərkəzinə çevrilməsi istiqamətində atılan növbəti addım ola bilər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu məsələlərlə bağlı Crossmedia.az-a açıqlama verib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatına xüsusi önəm verir və bu təşkilat xarici siyasətimizin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib: “Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatını ailə adlandırıb. Hazırki tarixi mərhələdə Türk Dövlətləri Təşkilatının ünsiyyət mərhələsi demək olar ki, başa çatmaq üzrədir. Çünki bu təşkilatın tərkibində, bu ölkələrin qarşılıqlı fəaliyyətini koordinasiya edəcək bütün qruplar və strukturlar artıq yaradılıb. Türk Dövlətlərinin Parlament Ansambleyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və beynəlxalq Türk Akademiyası kimi qurumlar formalaşıb.”
Deputat, təşkilatın beynəlxalq subyekt kimi çıxış etməsinin artıq qaçılmaz olduğunu da əlavə edib: “Avropada biz bunun timsalında Avropa İttifaqının müxtəlif beynəlxalq subyektlərlə əməkdaşlıq etdiyini görürük. Bu, bir vahid beynəlxalq subyektin çıxışı kimi baş verir. Mənə elə gəlir ki, Türk Dövlətləri Təşkilatı da artıq bu şəkildə beynəlxalq subyekt kimi çıxış etməyə hazırdır”.
Hikmət Babaoğlu Türk Dövlətləri Təşkilatının Afrika, Cənubi-Şərqi Asiya və digər regionlarla əməkdaşlıq perspektivlərinə də toxunub:
“Afrika, Cənubi-Şərqi Asiya və Qlobal Cənub ölkələri ilə əməkdaşlıq qurulması artıq zərurətə çevrilib. Türk Dövlətləri Təşkilatının adından beynəlxalq hüquq subyekti kimi bu əməkdaşlıqların başlanmasının vaxtı çatıb və belə təşəbbüslər yaxşı nəticələr verəcəkdir”.
Toğrul Əhmədzadə
13:05 25.04.2025
Oxunuş sayı: 1193