Peskov: Putin, Tramp və Si Cinpinin görüşü bütün bəşəriyyət üçün mühüm siqnal ola bilər
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında planlaşdırılan üçtərəfli görüş bütün dünya üçün mühüm əhəmiyyət daşıya bilər.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Peskov bildirib ki, üç ölkə liderinin bir araya gəlməsi beynəlxalq problemlərin həllində dialoqun vacibliyini nümayiş etdirəcək.
"Bu, əlamətdar görüşdür. İndiyədək belə görüşlər olmayıb. Bu görüş özlüyündə mövcud problemlərin həlli yollarını tapmaq üçün dialoqun zəruriliyi barədə bütün bəşəriyyətə mühüm siqnal ola bilər", – deyə Kremlin sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, belə bir formatda danışıqların keçirilməsi müasir beynəlxalq münasibətlər baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Putin, Tramp və Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşməsi planlaşdırılır.
Tərəflərin beynəlxalq təhlükəsizlik, strateji sabitlik və digər aktual məsələləri müzakirə edəcəyi gözlənilir.
14:16 17.11.2026
Oxunuş sayı: 83