İran ABŞ-yə məxsus daha bir PUA-nı ələ keçirdiyini iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında ABŞ-yə məxsus dördüncü "MQM-170" tipli pilotsuz uçuş aparatını (PUA) elektron müharibə vasitələri ilə ələ keçirdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, "Tasnim" agentliyi bu barədə məlumat yayıb.
İran tərəfinin məlumatına görə, əməliyyat Hörmüz boğazında yerləşən Qeşm adasının cənubunda həyata keçirilib.
Bildirilib ki, elektron müharibə sistemləri vasitəsilə ABŞ-yə məxsus pilotsuz uçuş aparatının idarəetməsi ələ keçirilib və aparat zədələnmədən yerə endirilib.
SEPAH iddia edib ki, PUA-nın əsas məqsədi İranın hava hücumundan müdafiə və elektron müharibə sistemləri barədə kəşfiyyat məlumatları toplamaq olub.
İranın açıqlamasına əsasən, əvvəlki əməliyyatlarla birlikdə ələ keçirilən bu tip ABŞ pilotsuz uçuş aparatlarının sayı dördə çatıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın daha əvvəl səsləndirdiyi oxşar iddiaları rədd edib.
Qeyd edək ki, İran tərəfinin pilotsuz uçuş aparatlarının ələ keçirilməsi ilə bağlı məlumatları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
13:55 16.11.2026
Oxunuş sayı: 110