Arıqlamaq istəyənlərə ABŞ-dən xəbərdarlıq: Bu dərmanlar KOR EDİR
ABŞ Qida və Dərman Administrasiyası (FDA) arıqlamaq və diabetin müalicəsi üçün istifadə olunan məşhur preparatların nadir hallarda qəfil və daimi görmə itkisinə səbəb ola biləcək göz xəstəliyi ilə əlaqəli ola biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "NTV" telekanalı məlumat yayıb.
FDA-nın açıqlamasına görə, GLP-1 qrupuna daxil olan preparatların istifadəsi qeyri-arteritik ön işemik optik neyropatiya (NAION) adlı göz xəstəliyinin yaranma riskini artıra bilər.
Bu xəstəlik görmə sinirinin ön hissəsinə qan axınının azalması nəticəsində meydana gəlir. Əsas əlamətləri bir gözdə qəfil, ağrısız görmə itkisi, görmə sahəsində kor nöqtələrin yaranması və rəngləri ayırd etmək qabiliyyətinin zəifləməsidir. Bəzi hallarda görmə itkisi daimi xarakter daşıyır.
Xəbərdarlıq xüsusilə “Ozempic”, “Wegovy”, “Mounjaro” və “Zepbound” kimi preparatların istifadəçilərinin diqqətini çəkib.
FDA 126 klinik tədqiqatın nəticələrini araşdırıb. Təhlillər zamanı GLP-1 qrupundan olan dərmanları qəbul edən hər 100 min nəfərə düşən illik NAION hadisələrinin sayı 6,4, plasebo və ya digər şəkərsalıcı preparatlardan istifadə edənlərdə isə 3,8 olub.
Qurum bu nəticələrdən sonra GLP-1 qrupuna daxil olan bütün preparatların təhlükəsizlik təlimatlarına mümkün görmə itkisi riski ilə bağlı məlumatların əlavə edilməsini tələb edib.
Bununla belə, mütəxəssislər riskin çox nadir olduğunu və preparatların istifadəsi ilə xəstəlik arasında səbəb-nəticə əlaqəsinin bütün hallarda sübut edilmədiyini vurğulayırlar.
Qeyd edək ki, qəfil görmə itkisi, bulanıqlıq və ya görmə sahəsində dəyişiklik müşahidə edən şəxslərə dərhal həkimə müraciət etmək tövsiyə olunur. Preparatların istifadəsini isə həkimlə məsləhətləşmədən dayandırmaq olmaz.
04:06 17.11.2026
Oxunuş sayı: 48