Sahil Babayev 2027-ci ilin əsas büdcə prioritetlərini açıqlayıb
Bu gün qarşıda duran əsas vəzifə əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, ölkənin inkişafını yeni mərhələyə daşımaq, iqtisadi artımın dayanıqlığını təmin etmək və artan maliyyə imkanlarından maksimum səmərəli istifadə etməkdir.
Crossmedia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu baxımdan qeyri-neft-qaz sektorunun inkişafı, özəl sektorun iqtisadiyyatda rolunun artması, əhalinin rifahının yüksəldilməsi, müdafiə və təhlükəsizlik potensialının möhkəmləndirilməsi, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin davam etdirilməsi dövlət siyasətinin başlıca istiqamətləri olaraq qalır", - deyə o qeyd edib.
Qlobal miqyasda müşahidə olunan qeyri müəyyənliklərin və xarici bazarlardakı dəyişkənliklərin fiskal siyasətdə ehtiyatlı yanaşmanı, büdcə intizamını, dövlət maliyyəsinin dayanıqlılığını xüsusi aktuallıqla gündəmə gətirdiyini deyən S.Babayev əlavə edib ki, 2027-ci ilin dövlət büdcəsi məhz bu prioritetlər və mövcud iqtisadi reallıqlar nəzərə alınmaqla hazırlanıb.
Nazir vurğulayıb ki, büdcə siyasətində əsas yanaşma iqtisadi inkişafın maliyyə təminatını yaratmaqla yanaşı, dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək, büdcə resurslarından istifadənin səmərəliliyini artırmaq və uzunmüddətli fiskal dayanıqlılığı qorumaqdır.(Report)
11:54 16.11.2026
Oxunuş sayı: 90