Hörmüz boğazında iki neft tankeri minaya düşüb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ qırıcılarının müşayiəti ilə Hörmüz boğazından keçməyə çalışan iki neft tankerinin dəniz minalarına düşərək güclü partlayışlara məruz qaldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Iran International" bu barədə məlumat yayıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, tankerlər ABŞ hərbi təyyarələrinin dəstəyi və amerikalı zabitlərin birbaşa istiqamətləndirməsi ilə boğazın cənub hissəsində icazəsiz hesab edilən marşrutdan keçməyə cəhd göstəriblər.
İran tərəfi gəmilərin dəniz minalarına düşməsi nəticəsində bir neçə güclü partlayışın baş verdiyini və tankerlərdə yanğın başladığını iddia edib.
Bildirilib ki, partlayışlardan sonra yaranan alov saatlarla Hörmüz boğazını işıqlandırıb.
SEPAH həmçinin ABŞ-nin dəstəyi ilə istifadə olunan cənub dəniz marşrutunun minalandığını bildirərək gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft və mayeləşdirilmiş təbii qaz daşımalarının əsas marşrutlarından biridir.
İran tərəfinin tankerlərlə bağlı açıqlamaları hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
10:20 16.11.2026
Oxunuş sayı: 116