Onlayn kreditlərdə yeni qayda: Pul dərhal hesaba keçməyəcək
Azərbaycanda distant istehlak kreditlərinin rəsmiləşdirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir. Mərkəzi Bankın təsdiqlədiyi dəyişikliklərə əsasən, vətəndaşlar öz adlarına onlayn kredit götürülməsinə əvvəlcədən məhdudiyyət qoya biləcəklər. Kredit təşkilatları isə kredit rəsmiləşdirməzdən əvvəl bu qadağanın olub-olmadığını həm öz sistemlərindən, həm də Azərbaycan Kredit Bürosunun bazasından yoxlamalıdır. Yeni tələblər 1 oktyabr 2026-cı ildən tətbiq ediləcək. Digər mühüm yenilik isə onlayn kredit vəsaitlərinin dərhal müştərinin hesabına köçürülməməsidir. Yeni qaydalara görə, məbləğ minimum əməkhaqqının iki mislinədək olduqda vəsait müqavilə bağlandıqdan sonra 2 saat ərzində, bu həddi aşdıqda isə 24 saat sonra hesaba köçürüləcək. Mərkəzi Bank bildirir ki, dəyişikliklərin əsas məqsədi məsafədən kreditləşmə zamanı istehlakçıların təhlükəsizliyinin qorunması və kredit risklərinin daha məsuliyyətli idarə olunmasıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, distant kreditləşmədə müəyyən risklər həmişə mövcud olacaq:

"Ümumiyyətlə, bu cür kreditlərin alınmasında həmişə müəyyən risklər olacaq. Müsbət tərəfi isə odur ki, uzun illərdir bank sektoru inkişaf etdikcə, informasiya təhlükəsizliyi sahəsində daimi tədbirlər həyata keçirilir. Xüsusilə 2022-ci ildən sonra — Mərkəzi Bankın rəhbərliyinə Taleh Kazımov gəldikdən bəri — bir sıra beynəlxalq standartlar tətbiq olunub. Bunların sırasında informasiya təhlükəsizliyi sahəsindəki beynəlxalq standartlar da var və bu mexanizmlər daim yenilənir. Bilirsiniz ki, hər hansı mexanizm işlədikcə dələduzluq və fişinq fəaliyyəti ilə məşğul olan şəxslər onun yollarını öyrənir, yeni həllər axtarmağa başlayırlar. Məsələn, müxtəlif bot proqramlar yaradılır. Bu səbəbdən də sözügedən sektor daim inkişaf etməlidir".
İqtisadçı qeyd edib ki, Azərbaycanda bunun qarşısını almaq üçün fərdiləşdirilmiş məlumatlardan istifadə olunur. Yəni barmaq izi, şəxsin identifikasiya məlumatları, SİMA vasitəsilə elektron imza və digər vasitələr tətbiq edilir. Əvvəllər bir şəxsin yerinə başqası qol çəkib, imza ataraq kredit götürə bilirdisə, artıq üz cizgilərini tanıyan vasitələr və digər təsdiqləmə mexanizmləri sayəsində imzalama və təsdiqləmə prosesi 3-4 mərhələdən keçir. Bu da prosesin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bənzər sistemlərin tətbiqində risk həmişə mövcuddur. Lakin bank sektorunda bu kimi halların baş verməməsi üçün daim nəzarət tədbirləri həyata keçirilir. Qeyd etdiyiniz uzaqdan kredit götürmə məsələsi dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da var. Bu, bir sıra bankların məhsulu kimi təqdim olunur və indiyədək hər hansı problem yaşanmayıb. SİMA vasitəsilə təsdiqləmə prosesi uğurla həyata keçirildiyi üçün bir şəxsin digərinin yerinə kredit götürməsi hazırda mümkün deyil.
Zeynəb Həsən
19:45 30.09.2026
Oxunuş sayı: 38