95 faiz kəndlinin təsərrüfadan anlayışı yoxdur - Ekspert od püskürdü
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2026-cı ilin yanvar-avqust aylarında 2,6 faiz artaraq 10 milyard manatı ötüb. Bununla yanaşı, fermerlərin istehsal xərcləri ilə məhsulların satış qiyməti arasındakı fərq təsərrüfatların gəlirliliyini və maliyyə dayanıqlığını gündəmdə saxlayır. Xüsusilə məhsulun istehsalçıdan istehlakçıya çatdırılması mərhələsində nəqliyyat, logistika, saxlama və digər xərclər qiymət formalaşmasına təsir göstərir. Bu fonda fermerlərin istehsal xərclərini nəzərə alan və təsərrüfatların davamlı fəaliyyətini təmin edən qiymət mexanizminin yaradılması təklif olunur. Bəs fermerlərin artan xərcləri ilə satış qiymətləri arasındakı fərqin aradan qaldırılması üçün hansı mexanizmlər tətbiq edilə bilər?
Crossmedia.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal xərclərinin yüksək olmasının fermerlərin rəqabət qabiliyyətinə və sahənin inkişafına təsir etdiyini bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatında xərclərin əvvəlcədən dəqiq müəyyənləşdirilməsi ərazidən, iqlim şəraitindən, məhsulun növündən və sortundan asılı olduğu üçün asan deyil:

“Kənd təsərrüfatında, dağ rayonları var, dağətəyi rayonlar var, aran rayonları var. Kənd təsərrüfatında istehsal olunan məhsulların fərqi var. Eyni növdə məhsulun bir çox sortları var. Ona görə xərci əvvəlcədən müəyyən etmək mümkün deyil”.
Ekspert hesab edir ki, əsas məsələ istehsal xərclərinin aşağı salınması üçün dövlət siyasətinin düzgün qurulmasıdır: “Xərci aşağı salmaq üçün nə etmək lazımdır? Hökumət nə edə bilər? Kənd Təsərrüfatı Nazirliyi hansı siyasəti yürüdə bilər ki, bizim kəndlilərin istehsal xərcləri aşağı olsun? Bunun üçün bir çox işlər görmək lazımdır”.
Vahid Məhərrəmov rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalında enerji xərclərinin də roluna diqqət çəkib və Türkmənistan nümunəsini göstərib: “Türkmənistan artıq pomidor ixracında Azərbaycanı keçib. Bir neçə il bundan əvvəl, 3-4 il əvvəl onlarda çox aşağı səviyyədə idi. Amma bunu nəyin hesabına ediblər? Qazın qiymətini aşağı salıblar. Bu da kəndlilərə imkan verir ki, onlar rəqabətqabiliyyətli məhsul istehsal etsinlər. Bunu ilk mərhələdə etmək lazımdır”.
Azərbaycanda torpaq islahatından və bazar iqtisadiyyatına keçiddən sonra da kənd təsərrüfatında istehsalla bağlı ciddi problemlərin qaldığını bildirən ekspert suvarma və istehsal vasitələri məsələlərini də önə çəkib: “Azərbaycan çoxdan bazar iqtisadiyyatına keçib, sonra torpaq islahatı aparıb, hələ də Azərbaycanda kənd təsərrüfatında istehsalla bağlı ciddi problemlər var. Məsələn, süni olaraq su çatışmazlığı problemi yaradılır. Ona görə ki, su, suvarma suyu düzgün idarə edilmir. Sonra istehsal vasitələri keyfiyyətsiz ölkəyə idxal edilir. Həm pestisidlərdir, həm gübrələrdir, bu kimi problemlər var”.
Vahid Məhərrəmov kənd təsərrüfatında istehsal xərclərinin uçotunun aparılmamasını da problemlərdən biri kimi qiymətləndirir: “Bizim kəndlilərin ümumiyyətlə 95 faizi istehsal xərcini hesablamır. Onlar hesabat aparmırlar. Nə qədər hansı istehsal vasitələri üçün xərc çəkiblər, o hesabı aparmırlar”.
Ekspert hesab edir ki, bu sahədə dövlətin əsas vəzifələrindən biri kənd təsərrüfatı ilə məşğul olan insanların maarifləndirilməsidir: “Hökumətin üzərinə düşən vəzifə nədir? Maarifləndirmə. Bizim kəndlilər, indi bəzilərinə fermer deyirik, amma əsasən kəndlilərdir. Ölkədə ərzaq təminatında əsas paya, 91 faiz paya sahib olan kiçik kəndli təsərrüfatlarıdır. Onlar maarifləndirilməlidir”.
Vahid Məhərrəmov kənd təsərrüfatında ənənəvi üsullarla müasir imkanlar arasında fərqə diqqət çəkərək məhsuldarlığın artırılması üçün yeni texnologiyalardan daha geniş istifadə edilməsinin vacib olduğunu bildirib: “95 faiz kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olanların kənd təsərrüfatından anlayışı yoxdur. Dədə-babadan necə əkin aparılıb, o zamanlar da insanların sayı az olub, məhsuldarlıq aşağı olub, kifayət eləyib. Amma indi insanların sayı çoxdur, məhsuldarlığı artırmaq üçün imkanlar var, yeni texnologiya imkan verir buna və Azərbaycanın torpaq-iqlim şəraiti imkan verir. Amma bilgiləri olmadığı üçün bizim kəndlilərin və aparılan siyasət ona yönəlməyib”.
Kənd Təsərrüfatı Nazirliyinin siyasətinin intensiv əkinçiliyə daha çox yönəldilməli olduğunu deyən ekspert bu istiqamətdə görülən işlərin yetərli olmadığını düşünür: “Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin apardığı siyasət kənd təsərrüfatında intensiv əkinçiliyə daha çox yönəlməlidir, amma bu sözdə deyilir, əməldə biz bunu görmürük. Yəni bir çox işlər görülməlidir. Hökumət də iş görməlidir, sonra bizim kəndlilərin maarifləndirilməsi, ondan sonra istehsal xərcinin azalması üçün hansı tədbirlər həyata keçirmək lazımdır”.
Ekspert istehsal xərclərinin azaldılması məsələsinin dövlət proqramlarında da ayrıca nəzərə alınmasının vacibliyini vurğulayıb: “İstehsal xərcinin azalması o deməkdir ki, Azərbaycan kəndliləri rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulu istehsal edə biləcəklər və bu istehsal dayanıqlı olacaq. Onların gəlirləri artacaq, daha çox qazanc əldə edəcəklər, onlar istehsalda maraqlı olacaqlar və Azərbaycanın kənd təsərrüfatı inkişaf edəcək”.
Nigar Xəlilli
17:00 30.09.2026
Oxunuş sayı: 42