Rusiyada Coca-Cola qadağan edilib
Moskva Arbitraj Məhkəməsi “The Coca-Cola Company” şirkətinin iddiasını təmin edərək, Cənubi Osetiyada qeydiyyatdan keçmiş “Coca-Cola Company” MMC-yə şirkət adında “Coca-Cola” ifadəsindən istifadə etməyi qadağan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ria novosti” məlumat yayıb.
Məhkəmənin qərarına əməl edilmədiyi halda, cavabdeh hər gecikdirilən gün üçün 1 000 rubl məbləğində məhkəmə cəriməsi ödəməli olacaq. Bu məbləğ iddiaçının tələb etdiyindən 20 dəfə azdır.
“The Coca-Cola Company”nin nümayəndəsi məhkəmədə bildirib ki, satışda üzərində saxta “Coca-Cola” etiketi olan məhsul aşkarlanıb. Etiketdə istehsalçı kimi Novosibirskdə yerləşən “PKV” şirkəti, məhsulun istehsalçısı kimi isə Cənubi Osetiyada qeydiyyatdan keçmiş “Coca-Cola Company” MMC göstərilib.
Şirkət nümayəndəsi “The Coca-Cola Company”nin Rusiyada məşhur əmtəə nişanlarının hüquq sahibi olduğunu və onunla tam eyni ada malik şirkətin fəaliyyət göstərməsinə yol verə bilməyəcəyini vurğulayıb.
“Coca-Cola” əmtəə nişanı Rusiyada təxminən 30 il əvvəl məşhur əmtəə nişanı kimi tanınıb. Bu statusa malik nişanların hüquqi mühafizə müddəti məhdudlaşdırılmır və onların mütəmadi istifadəsi ilə bağlı tələb tətbiq edilmir.
Qeyd edək ki, daha əvvəl Əqli Mülkiyyət Hüquqları Məhkəməsi “Coca-Cola Company” MMC-nin “The Coca-Cola Company”yə məxsus dörd əmtəə nişanının Rusiyada hüquqi mühafizəsinə xitam verilməsi ilə bağlı iddiasını rədd edib.
18:48 22.09.2026
Oxunuş sayı: 38