Formula 1-də Qran-pri yarışlarının məsafəsi 2027-ci ildən qısaldılacaq
Formula 1-də Qran-pri yarışlarının standart məsafəsi 2027-ci ildən 305 kilometrdən 290 kilometrə endiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) məlumat yayıb.
Qərar sentyabrın 21-də Londonda keçirilən Formula 1 Komissiyasının iclasında qəbul edilib. Yeni qaydalara əsasən, trasın uzunluğundan asılı olaraq yarışlarda dövrələrin sayı iki və ya üç dövrə azalacaq, təmiz yarış müddəti üçün iki saatlıq limit isə qüvvədə qalacaq.
Dəyişikliyin əsas səbəbi 2027-ci ildən güc qurğularının texniki reqlamentində ediləcək yeniliklərdir. FIA yarış zamanı enerji çatışmazlığı riskini azaltmaq üçün yanacaq sərfiyyatı limitini artıracaq və bu da əvvəlki məsafənin qət edilməsi üçün daha çox yanacaq tələb edəcəyindən yarış məsafəsinin yenidən müəyyənləşdirilməsinə səbəb olub.
FIA həmçinin qırmızı bayraqlar və dayanacaqlar nəzərə alınmaqla yarışın ümumi müddəti üçün tətbiq edilən üç saatlıq sərt limiti ləğv edib. Yeni qayda hava şəraiti və ya qəza səbəbindən dayandırılan yarışların daha çevik şəkildə uzadılmasına imkan verəcək.
Hazırda Qran-prinin standart məsafəsi 305 kilometrdən artıq məsafəni qət etmək üçün tələb olunan minimum tam dövrə sayı əsasında müəyyənləşdirilir. Monako mərhələsi isə istisna olaraq 260 kilometrdən bir qədər çox məsafəyə malikdir.
18:30 22.09.2026
Oxunuş sayı: 38