Britaniya Kolumbiyası “OpenAI”ni məhkəməyə verdi
Kanadanın Britaniya Kolumbiyası əyaləti Tumbler Ridc şəhərində baş verən məktəb atışması ilə bağlı “OpenAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Əyalət şirkəti hücumdan aylar əvvəl şiddət təhdidləri barədə hüquq-mühafizə orqanlarına məlumat verməməkdə ittiham edir.
Crossmedia.az xəbər verir ki, Britaniya Kolumbiyası hökuməti bu barədə məlumat yayıb.
İddia ABŞ-nin Kaliforniya ştatının Şimal dairəsi üzrə Federal Məhkəməsinə təqdim olunub. İş üzrə “OpenAI” ilə yanaşı şirkətin baş icraçı direktoru Sem Altmanın da adı cavabdeh kimi göstərilib. Əyalət hücumun nəticələrinin aradan qaldırılması ilə bağlı xərclərin kompensasiya edilməsini, həmçinin süni intellekt sistemlərində zorakılıq təhdidlərinin müəyyənləşdirilməsi və bu hallara reaksiya mexanizmlərinin dəyişdirilməsini tələb edir.
Hadisə necə baş vermişdi?
2026-cı il fevralın 10-da Tumbler Ridc şəhərindəki Tumbler Ridc Orta Məktəbində baş verən silahlı hücum nəticəsində 8 nəfər həlak olub. Ölənlər arasında məktəbin əməkdaşı və 11-13 yaşlarında beş uşaq da olub. Daha 27 nəfər yaralanıb. Hücumdan əvvəl 18 yaşlı Cessi Van Rootselaarın evdə anasını və ögey qardaşını öldürdüyü, daha sonra məktəbə gedərək atəş açdığı bildirilir. O, sonradan intihar edib.
İddialar nədən ibarətdir?
Britaniya Kolumbiyası hökumətinin iddiasına görə, “OpenAI”nin təhlükəsizlik komandası hücumdan aylar əvvəl Van Rootselaarın “ChatGPT”də odlu silah və zorakılıqla bağlı yazışmalarını riskli hesab edib. Buna baxmayaraq, şirkətin həmin məlumatları polisə və yerli hüquq-mühafizə orqanlarına çatdırmadığı bildirilir.
İddiada həmçinin qeyd olunur ki, şirkət Van Rootselaarın hesabını deaktiv edib, lakin o, sonradan yeni hesab yaradaraq xidmətdən istifadəni davam etdirib. Britaniya Kolumbiyası hökumətinin iyul ayında açıqladığı məlumatda da “OpenAI”nin təhlükəsizlik komandalarının hücumdan əvvəl zorakı məzmunlu sorğuları işarələdiyi və şirkət rəhbərliyinin polisə məlumat vermədiyi bildirilmişdi.
Britaniya Kolumbiyasının baş prokuroru Niki Şarma bildirib ki, Tumbler Ridc sakinləri baş verən faciə ilə bağlı cavab və məsuliyyət tələb edir. Onun sözlərinə görə, “OpenAI” təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, şəffaflığın artırılması və gələcəkdə oxşar faciələrin qarşısının alınması üçün konkret addımlar atmalıdır.
“OpenAI”nin mövqeyi
“OpenAI”nin baş icraçı direktoru Sem Altman aprel ayında şirkətin hüquq-mühafizə orqanları ilə əlaqə saxlamamasına görə üzr istəyib və təhlükəsizlik prosedurlarında dəyişikliklər ediləcəyini bildirib. Şirkət sonrakı prosesdə isə zorakılıqla bağlı real və ciddi təhdidlərin müəyyənləşdirilməsi və hüquq-mühafizə orqanlarına yönləndirilməsi üçün təhlükəsizlik mexanizmlərinin gücləndirildiyini açıqlayıb.
Britaniya Kolumbiyasının iddiası Tumbler Ridc hadisəsi ilə bağlı zərərçəkənlərin ailələri, sağ qalanlar və digər şəxslər tərəfindən “OpenAI”yə qarşı qaldırılan 30-dan çox məhkəmə işinin fonunda təqdim edilib.
Məhkəmə prosesi süni intellekt şirkətlərinin platformalarında ciddi zorakılıq təhdidləri aşkar edildikdə hansı hallarda və hansı qaydada hüquq-mühafizə orqanlarına məlumat verməli olması ilə bağlı məsuliyyət məsələsini də gündəmə gətirir.
16:48 22.09.2026
Oxunuş sayı: 42