Latviya Usmanovla bağlı Aİ qərarını blokladı
Latviya Avropa İttifaqının rusiyalı milyarder Əlişir Usmanovun sanksiya siyahısından çıxarılması ilə bağlı təklifinə etiraz edib və bununla bağlı qərarın qəbulunu bloklayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqındakı diplomatik mənbələr məlumat yayıb.
Əlişir Usmanov və Mixail Fridmanın Aİ-nin sanksiya siyahısından çıxarılması ilə bağlı mübahisə Rusiyaya qarşı fərdi sanksiyaların müddətinin uzadılması prosesini çətinləşdirib.
Məlumata görə, Fransa və Slovakiya Usmanovun sanksiyalardan çıxarılmasını tələb edir. Lüksemburq isə 16 milyard dollarlıq arbitraj işi üzrə uduzmaq ehtimalından narahat olaraq Mixail Fridmana tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını istəyir.
Sanksiyaların qüvvədən düşməsinin qarşısını almaq üçün Aİ daha əvvəl məhdudiyyətlərin müddətini sentyabrın 22-si gecə yarısına qədər müvəqqəti uzadıb.
Məlumata görə, əvvəlcə kompromisə qarşı çıxan Aİ ölkələrinin əksəriyyəti digər şəxslərə qarşı sanksiyaların qüvvədə qalması naminə güzəştə getməyə hazır olub. Lakin Latviya Usmanov və digər biznesmenlərə tətbiq olunan məhdudiyyətlərin götürülməsinə etiraz edib.
Hazırda Avropa ölkələrinin səfirləri yaranmış dalandan çıxış yolu axtarırlar. Konsensusun əldə olunmamasının Aİ-nin sanksiya mexanizminə və bütövlükdə quruma olan etimadı zəiflədə biləcəyi bildirilir.
14:54 22.09.2026
Oxunuş sayı: 31