BMT: Ukraynada cinsi zorakılıq işgəncə vasitəsi kimi istifadə olunub
BMT-nin İnsan Hüquqları üzrə Monitorinq Missiyası Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumu başlayandan bəri cinsi zorakılığın həm hərbi əsirlərə, həm də mülki şəxslərə qarşı işgəncə, hədələmə və məcburetmə vasitəsi kimi istifadə edildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Monitorinq Missiyası bu barədə hesabat yayıb.
Hesabata görə, 24 fevral 2022-ci ildən 31 iyul 2026-cı ilədək Ukraynada 1004 cinsi zorakılıq hadisəsi sənədləşdirilib. Onların 89 faizi Rusiya, 11 faizi isə Ukrayna hakimiyyətinin nümayəndələri ilə əlaqələndirilib.
BMT qeyd edib ki, sənədləşdirilən hallar yüzlərlə zərərçəkmiş və sağ qalan şəxslə aparılmış məxfi müsahibələr, məhkəmə sənədləri və digər rəsmi materiallar əsasında müəyyənləşdirilib.
Hesabata əsasən, zərərçəkənlərin əksəriyyəti kişilər olub. Xüsusilə saxlanma yerlərində olan hərbi əsirlər arasında bu hallar geniş yayılıb. Bununla yanaşı, qadın və uşaqlar da cinsi zorakılığa məruz qalıb. Sənədləşdirilmiş ən kiçik yaşlı zərərçəkənin 4 yaşı olub.
BMT missiyası bildirib ki, Rusiya hakimiyyətinin nümayəndələri tərəfindən törədilən hallar arasında zorlama, qrup şəklində zorlama, zorlamaya cəhd, cinsi zorakılıq, məcburi çılpaqlıq, cinsiyyət orqanlarına elektrik cərəyanı ilə işgəncə və döymə, eləcə də cinsi xarakterli alçaldıcı rəftar yer alır.
Hesabatda Ukrayna hakimiyyətinin nümayəndələri tərəfindən törədildiyi müəyyənləşdirilən hallara da yer verilib. BMT onların arasında cinsi zorakılıqla hədələmə, zorlamaya cəhd, cinsi zorakılıq, məcburi çılpaqlıq və digər işgəncə hallarını qeyd edib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk hər iki tərəfi cinsi zorakılıqla bağlı bütün etibarlı iddiaları operativ, hərtərəfli və qərəzsiz şəkildə araşdırmağa, məsul şəxslərin vəzifəsindən və mənsubiyyətindən asılı olmayaraq məsuliyyətə cəlb edilməsinə çağırıb.
14:47 22.09.2026
Oxunuş sayı: 29