ABŞ və Çin süni intellekt təhlükəsizliyi üzrə dialoq yaradıb
ABŞ və Çin süni intellekt təhlükəsizliyi ilə bağlı risklərin müzakirəsi üçün rəsmi ikitərəfli dialoq mexanizmi yaradılması barədə razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent açıqlama verib.
Bessentin sözlərinə görə, “ABŞ-Çin Süni İntellekt Dialoqları” çərçivəsində növbəti görüş təxminən iki aydan sonra Çinin Şençjen şəhərində keçiriləcək. Razılaşma Nyu-Yorkda Bessentlə Çinin Baş nazir müavini He Lifeng arasında aparılan danışıqlardan sonra əldə olunub.
Tərəflər süni intellektlə bağlı ciddi insidentlər zamanı operativ əlaqə yaratmaq üçün xüsusi kommunikasiya xəttinin yaradılmasını da müzakirə edib. Bu mexanizmin mümkün texnoloji nasazlıqlar və nəzarətdən çıxan süni intellekt sistemləri ilə bağlı risklərin idarə olunmasına xidmət etməsi nəzərdə tutulur.
Bessent həmçinin kiber təhdidlər və qeyri-dövlət aktorlarının bioloji silahların yayılmasında texnologiyadan istifadəsi kimi risklər üzrə ortaq protokolların hazırlanmasının vacibliyini vurğulayıb.
03:40 22.09.2026
Oxunuş sayı: 40