Süveyş kanalı təhlükəsizdir: Gəmiçilikdə ciddi artım qeydə alınıb
Misir Süveyş kanalında gəmiçilik hərəkətinin normal və təhlükəsiz şəkildə davam etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Süveyş Kanalı İdarəsi məlumat yayıb.
Süveyş Kanalı İdarəsinin sədri Üsamə Rabie İsgəndəriyyədə keçirilən 2026-cı il Ümumdünya Dənizçilik Günü tədbirində bildirib ki, kanalda naviqasiya təhlükəsizdir, gəmilərin hərəkəti müntəzəm xarakter daşıyır və xidmətlər yüksək hazırlıq səviyyəsində göstərilir.
İdarənin məlumatına görə, avqust ayında Süveyş kanalından 1 358 gəmi keçib. Gəmilərin ümumi xalis yük tutumu 68,3 milyon ton, kanaldan əldə olunan gəlir isə 567,1 milyon dollar olub.
Müqayisə üçün, 2025-ci ilin avqustunda kanaldan 1 070 gəmi keçib, onların ümumi xalis yük tutumu 45,2 milyon ton təşkil edib və gəlir 326 milyon dollar olub. Beləliklə, bir il ərzində gəmi sayında 27 faiz, xalis yük tutumunda 51,1 faiz, gəlirlərdə isə 56,7 faiz artım qeydə alınıb.
Qlobal gərginliklər
Rabie beynəlxalq və regional böhranların son illərdə qlobal təchizat zəncirlərinə birbaşa təsir etdiyini bildirib. Onun sözlərinə görə, buna baxmayaraq, Süveyş kanalı qlobal təchizat zəncirlərinin təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyətini qoruyur.
Süveyş Kanalı İdarəsinin rəhbəri kanalda çalışan pilotların da gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün yüksək hazırlıq və peşəkarlıq nümayiş etdirdiyini qeyd edib.
Qırmızı dənizdə vəziyyət
Süveyş kanalında gəmiçiliklə bağlı açıqlama Bab əl-Məndəb boğazı və Qırmızı dəniz ətrafında davam edən gərginlik fonunda verilib. 2023-cü ilin oktyabrından sonra Qırmızı dənizdə kommersiya gəmilərinə hücumlar səbəbindən bir sıra iri gəmiçilik şirkətləri Afrika ətrafından, Ümid burnu istiqamətindən alternativ marşrutlardan istifadə etməyə başlamışdı.
Bununla belə, Süveyş Kanalı İdarəsinin son məlumatları kanal üzrə gəmiçilik göstəricilərinin əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artdığını göstərir. İdarə son aylarda Avropa ilə Asiyanı birləşdirən marşrut üzrə bir sıra iri gəmiçilik şirkətlərinin xidmətlərinin kanala qayıtdığını da açıqlayıb.
17:20 21.09.2026
Oxunuş sayı: 50