Xərçəng xəstələrinə müalicə ilə bağlı şad xəbər
Qazaxıstanda xərçəng xəstəliyinin müalicəsində istifadə olunması nəzərdə tutulan yerli DVC preparatının klinik sınaqları davam edir. Hazırda preparatın ikinci mərhələ sınaqları keçirilir və onun dozası, eləcə də insan orqanizminin preparata reaksiyası öyrənilir. Sınaqların ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
Bəs xərçəngə qarşı vaksin və ya müalicə üsulu yarana bilərmi? Və belə bir preparatın Azərbaycanda tətbiqi mümkündürmü?
Mövzu ilə bağlı professor, səhiyyə eksperti Adil Qeybulla Crossmedia.az-a bildirib ki, xərçəng orqanizmdə genomun və bütövlükdə genotipin nəzarətindən çıxan, tabe olmayan inkişaf prosesidir: “Xərçəng bədəndə, orqanizmdə genomun və bütövlükdə genotipin nəzarətindən çıxan ikinci bir inkişafdır, yəni tabe olmayan inkişafdır. O, bədəndən qidalanır, artıb çoxalır. Xərçəngin 2000-dən çox forması var. Bunlar ayrı-ayrı orqanların, toxumaların və digər strukturların xərçəngləridir. Məsələn, süd vəzi xərçənginin beş molekulyar tipi var. Yəni bu xəstəlikdə böyük müxtəliflik mövcuddur və onların hər birinin proqnozu da fərqlidir”.

A.Qeybulla qeyd edib ki, insanlar xərçəngi bir virus və ya hansısa infeksiya kimi təsəvvür edirlər: “Düşünürlər ki, bir dərman hazırlanacaq, xəstə onu qəbul edəcək və bununla da xərçəng tamamilə sağalacaq. Heç vaxt belə bir şey olmayıb və ola da bilməz. Düzdür, əvvəllər xərçəng xəstəliyinə daha az rast gəlinirdi. Çünki insanların ömrü qısa idi. Pandemiyalar, müharibələr və digər amillər vardı. Sonradan elm inkişaf etdi, infeksiyalarla mübarizə aparılmağa başlandı, insanların ömrü uzandı, müharibələr nisbətən azaldı. Bundan sonra qidalanma, əhalinin artması və ekoloji problemlər də xərçəngin inkişafına təsir edən amillər sırasında yer aldı. Bu gün xərçəng xəstəliyi artmaqda davam edir. Nə qədər ki, canlı var — bitki, heyvan və insan — hər üçündə xərçəng inkişaf edəcək və olacaq. Xərçəng xəstəliyi həmişə mövcud olacaq. Sadəcə, bu istiqamətdə çoxlu inkişaflar olacaq və mübarizə daha effektiv aparılacaq. Amma hansısa vaksin və ya dərmanın bu məsələni birdəfəlik həll edəcəyi düşüncəsi bir qədər yanlış təsəvvürdür”.
Zərnigar Hüseynli
19:30 18.08.2026
Oxunuş sayı: 52