Süni intellekt insanlara bioloji risk yaradır
Süni intellektin sürətli inkişafı onun yaratdığı imkanlarla yanaşı, potensial təhlükələrlə bağlı narahatlıqları da artırır. ABŞ administrasiyasının süni intellektin bioloji silahların hazırlanmasını asanlaşdıra biləcəyi ilə bağlı narahatlıq keçirməsi də bu risklərin aktuallığını göstərir.
Bəs süni intellekt insan sivilizasiyasının sonuna gətirib çıxara bilərmi? Süni intellektin inkişafını məhdudlaşdırmaq və ya tamamilə dayandırmaq vaxtı çatıb?
Mövzu ilə bağlı IKT mütəxəssisi Vüsal Məmmədzadə Crossmedia.az-a bildirib ki, süni intellektin insan sivilizasiyasının sonunu gətirə biləcəyi ilə bağlı fikirlər ciddi iddialardır və bu ehtimala tamamilə fantastika kimi yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, 2026-cı il Beynəlxalq Süni İntellekt Təhlükəsizliyi Hesabatında hazırkı sistemlərin insan nəzarətindən çıxaraq belə bir fəlakət yaratmaq imkanına malik olmadığı qeyd olunur. Bununla belə, modellərin avtonom işləmək, uzunmüddətli tapşırıqları yerinə yetirmək və insan müdaxiləsi olmadan qərarlar vermək qabiliyyəti sürətlə artır:
“Hazırda daha real təhlükə süni intellektin özbaşına insanlara qarşı çıxması deyil, insanların ondan təhlükəli məqsədlərlə istifadə etməsidir. Kiberhücumlar, dezinformasiya və bioloji silahlar bunun ən ciddi nümunələrindəndir. Xüsusilə biologiya sahəsində süni intellektdən istifadənin yaratdığı risklərin artıq yalnız nəzəri xarakter daşımadığını qeyd edib. Onun sözlərinə görə, süni intellekt bioloji məlumatları analiz edə, zülal və genetik strukturlar üzərində işləyə, laboratoriya tədqiqatlarına kömək edə bilir. Bu imkanlar yeni dərmanların hazırlanması üçün çox faydalıdır, ancaq eyni imkanlardan zərərli məqsədlərlə də istifadə oluna bilər. OpenAI də gələcək modellərin biologiya sahəsində az təcrübəsi olan şəxslərə təhlükəli bioloji və kimyəvi maddələrin yaradılmasında ciddi şəkildə kömək edə biləcək səviyyəyə çatmasını potensial risk kimi qiymətləndirir”.

Ekspert bildirib ki, 2026-cı ildə dərc olunan bir araşdırmada süni intellektdən istifadə etməklə bakteriyaları yoluxduran yeni sintetik virusların yaradılması texnologiyanın biologiya sahəsində hansı səviyyəyə çatdığını göstərir: “Təcrübənin məqsədi insanlara zərər vermək olmayıb. Şirkətlər də bu təhlükələri nəzərə alaraq təhlükəsizlik tədbirlərini gücləndirirlər. OpenAI təhlükəli bioloji sorğuların müəyyənləşdirilməsi və bloklanması kimi tədbirlər tətbiq etdiyini bildirir, Anthropic isə yüksək bioloji risk yarada biləcək modelləri üçün daha sərt ASL-3 təhlükəsizlik tədbirlərindən istifadə edir. Süni intellektin inkişafını tamamilə dayandırmaq nə düzgün, nə də real həll yoludur. Çünki eyni texnologiya xərçəng araşdırmalarında, yeni dərmanların hazırlanmasında, xəstəliklərin aşkarlanmasında, kibertəhlükəsizlikdə və digər elmi tədqiqatlarda böyük imkanlar yaradır. Üstəlik, bir ölkənin və ya şirkətin inkişafı dayandırması bütün dünyanın eyni addımı atacağı anlamına gəlmir. Daha düzgün yanaşma süni intellektin inkişafını deyil, təhlükəli imkanlarının nəzarətsiz istifadəsini məhdudlaşdırmaqdır. Ən güclü modellər istifadəyə verilməzdən əvvəl bioloji silahlar, kiberhücumlar və insan nəzarətindən çıxma kimi risklər üzrə ciddi sınaqlardan keçirilməlidir. Kritik imkanlara giriş məhdudlaşdırılmalı, ciddi təhlükə müəyyən edilərsə modelin istifadəyə verilməsi təxirə salınmalıdır. Hazırda süni intellekti insan sivilizasiyasını məhv etməyə hazır olan bir texnologiya kimi görmür. Lakin onun imkanları artdıqca səhvlərin və sui-istifadənin mümkün nəticələri də böyüyür. Buna görə əsas məsələ süni intellekti dayandırmaq deyil, təhlükəsizlik mexanizmlərinin inkişaf sürətinin süni intellektin inkişaf sürətindən geri qalmamasını təmin etməkdir”.
Zərnigar Hüseynli
15:00 18.08.2026
Oxunuş sayı: 50