Azərbaycanın gizli iqtisadi gücü
Azərbaycan əmək qabiliyyətli yaşda əhalinin ümumi əhali içərisində payına görə dünyada 15-ci yerdə qərarlaşıb. 2025-ci ildə ölkə əhalisinin 69,7 faizini 15–64 yaş aralığında olan şəxslər təşkil edib. Bu göstərici Azərbaycanın əmək bazarı və iqtisadi potensialı baxımından mühüm demoqrafik üstünlük hesab olunur.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli Crossmedia.az-a bildirib ki, əhalinin 15–64 yaş qrupunda yüksək paya malik olması ilk növbədə ölkədə böyük əmək resursunun mövcudluğu deməkdir.
Onun sözlərinə görə, bu yaş qrupunun əhalidə payı nə qədər yüksəkdirsə, iqtisadiyyatın istehsal, xidmət, tikinti, kənd təsərrüfatı, sənaye və digər sahələri üçün işçi qüvvəsi potensialı da bir o qədər geniş olur. Lakin bu üstünlük yalnız həmin insanların böyük hissəsi əmək bazarında işlədikdə və onların məhsuldarlığı yüksək olduqda real iqtisadi üstünlüyə çevrilir:
“Əhalinin əmək qabiliyyətli yaşda olan hissəsinin çox olması iqtisadiyyat üçün böyük potensial yaradır. İşləyən insanların sayı artdıqca ümumi istehsal və xidmətlərin həcmi genişlənir, vergi və sosial sığorta daxilolmaları artır, dövlət büdcəsinin gəlir bazası möhkəmlənir. Eyni zamanda işləyən əhalinin gəlirlərinin artması daxili istehlakı gücləndirir və bu da ticarət, xidmət, tikinti və digər sahələrdə iqtisadi aktivliyi artırır.
Amma burada yalnız 15–64 yaş qrupunun əhali içərisində payına baxmaq düzgün deyil. Əmək qüvvəsində iştirak səviyyəsi, məşğulluq, işsizlik, əmək məhsuldarlığı, orta əməkhaqqı, adambaşına düşən ÜDM və işləyənlərin iqtisadiyyatın müxtəlif sahələri üzrə bölgüsü də mühüm göstəricilərdir. Məsələn, 15–64 yaşlı əhalinin 70 faizə yaxın olması böyük potensialdır, amma həmin insanların əhəmiyyətli hissəsi əmək bazarından kənardadırsa, bu potensial tam reallaşmır”.
A.Nəsirli qeyd edib ki, Azərbaycan üçün xüsusilə əmək məhsuldarlığı məsələsi vacibdir:
“Eyni sayda işçi qüvvəsi daha çox məhsul və xidmət istehsal edə bilirsə, ölkənin iqtisadi artım imkanları da genişlənir. Bunun üçün peşə təhsilinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqi, rəqəmsallaşma, əmək bazarının tələblərinə uyğun ixtisaslaşma və insan kapitalına investisiyaların artırılması vacibdir.
Digər tərəfdən, əmək qabiliyyətli yaşda olan insanların çoxluğu demoqrafik yükü də nisbətən azaldır. Əmək qabiliyyətli əhalinin payının yüksək olması uşaqların və yaşlıların iqtisadi baxımdan təmin edilməsinə düşən yükü azalda bilər. Bu isə dövlət və ailələrin gəlirlərinin daha böyük hissəsinin investisiyaya, təhsilə, mənzilə və istehlaka yönəldilməsinə imkan yarada bilər. Əslində bu vəziyyət demoqrafik dividend adlanır.
Lakin bu üstünlük daimi deyil. Əmək qabiliyyətli əhalinin böyük payı ölkəyə müəyyən zaman pəncərəsi verir. Gələcəkdə bu nəsil yaşlandıqca yaşlı əhalinin payı arta, pensiya və səhiyyə xərclərinə təzyiq güclənə bilər. Ona görə də indiki demoqrafik üstünlük dövründə yeni iş yerlərinin yaradılması, əmək məhsuldarlığının artırılması, qeyri-neft sektorunun inkişafı və insan kapitalına investisiyaların gücləndirilməsi xüsusilə vacibdir.
Yəni Azərbaycanın 15–64 yaş qrupunun əhalidə yüksək paya malik olması ölkəyə hazırda mühüm iqtisadi imkan verir. Lakin demoqrafik üstünlük avtomatik olaraq yüksək iqtisadi artım yaratmır. Əsas məsələ bu böyük əmək resursunu nə qədər səmərəli şəkildə məşğulluğa, yüksək məhsuldarlığa, gəlir artımına və real istehsala çevirməkdir”.
Zərnigar Hüseynli
18:15 17.08.2026
Oxunuş sayı: 48