Tokayev Azərbaycana gəlir: Qazaxıstanla əlaqələr yeni mərhələyə daxil olur
Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin bu il Azərbaycana planlaşdırılan səfəri ilə bağlı diqqətlər yenidən iki ölkə arasındakı strateji münasibətlərə yönəlib. Bu səfər çərçivəsində siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-logistika layihələrinin inkişafı və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsi kimi mühüm məsələlərin müzakirə olunacağı gözlənilir.
Bu gün Qazaxıstan–Azərbaycan münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsindədir və qarşılıqlı etimada əsaslanan çoxşaxəli əməkdaşlıq modeli formalaşıb. Enerji, nəqliyyat, ticarət, rəqəmsal inkişaf və humanitar sahələrdə əməkdaşlıq dinamik şəkildə genişlənir, iki ölkə arasında siyasi dialoq isə davamlı xarakter daşıyır.
Məhz bu kontekstdə Qazaxıstan Prezidentinin Azərbaycana səfəri yalnız ikitərəfli münasibətlərin deyil, həm də regional və türk dünyası çərçivəsində əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlama verib:

“Qazaxıstan Prezidentinin, eləcə də Türk Dövlətləri Təşkilatına (TDT) üzv digər ölkələrin rəhbərlərinin ölkəmizə səfərləri və Azərbaycan liderinin TDT-nin güclənməsində oynadığı rol onu göstərir ki, təşkilat hazırda özünün ən yüksək inkişaf mərhələlərindən birini yaşayır. Azərbaycan coğrafi baxımdan TDT-nin mərkəzində, sözün əsl mənasında ürəyində yerləşir. Bir tərəfdən NATO üzvü olan və Avropaya çıxış imkanları yaradan Türkiyə ilə strateji əlaqələrimiz var, digər tərəfdən isə Azərbaycan İran və Rusiya kimi böyük regional güclərlə həmsərhəd olan yeganə türk dövlətidir. Bu amil Azərbaycana mühüm geosiyasi üstünlük verir. Belə ki, ölkəmiz həm Orta Dəhlizin, yəni Şərq-Qərb nəqliyyat marşrutunun, həm də Şimal-Cənub dəhlizinin mərkəzində yerləşir. Bu isə Azərbaycanın regional və qlobal nəqliyyat-logistika sistemində rolunu daha da artırır. Digər vacib məqam ondan ibarətdir ki, Orta Dəhlizin mühüm komponentlərindən biri hesab olunan Zəngəzur dəhlizinin açılması Azərbaycanın strateji əhəmiyyətini daha da gücləndirəcək. Bununla yanaşı, Azərbaycanın Xəzər dənizinin ən önəmli ölkələrindən biri olması da təşkilatın ümumi potensialına və türk dünyasının inteqrasiya imkanlarına əlavə güc verir”.
Deputat əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi geosiyasi kurs və balanslı xarici siyasət də təşkilatın güclənməsinə mühüm töhfə verir: “ Qazaxıstan Prezidentinin Azərbaycana səfərini də məhz bu perspektivdən qiymətləndirmək olar. Təbii ki, Qazaxıstan türk dünyasının ən önəmli dövlətlərindən biridir. Mərkəzi Asiyada yerləşən bu ölkə həm ərazi baxımından, həm də zəngin təbii resurslarına görə xüsusi əhəmiyyət daşıyır. Bu gün dünyada çip texnologiyaları, informasiya texnologiyaları, yüksək texnologiyalar və süni intellekt sənayesi üçün vacib hesab olunan nadir metalların böyük hissəsi məhz türk dünyası coğrafiyasında yerləşir və Qazaxıstan bu sahədə aparıcı ölkələrdən biridir. Bir sözlə, Azərbaycan–Qazaxıstan münasibətləri yalnız ikitərəfli əməkdaşlıq deyil, həm də bütövlükdə türk dünyasının güclənməsinə və TDT-nin institusionallaşmasına xidmət edir. Azərbaycan və Qazaxıstan indiyədək bir-birini həm ikitərəfli münasibətlər çərçivəsində, həm də beynəlxalq təşkilatlarda daim dəstəkləyib. Bu əməkdaşlıq BMT-dən başlayaraq müxtəlif regional və beynəlxalq platformalarda özünü göstərib. Məhz buna görə də Azərbaycan–Qazaxıstan münasibətlərinin daha da inkişaf etdirilməsi, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi üçün kifayət qədər imkanlar və perspektivlər mövcuddur, tərəflər bundan gələcək dövrdə də istifadə etməyə çalışacaqlar”.
Ayhan
11:28 06.06.2026
Oxunuş sayı: 66