Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr güclənir: Sülhə növbəti töhfə
Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə 2 475 ton dizel yanacağının göndərilməsi təkcə kommersiya əməliyyatı deyil, həm də son aylarda formalaşan yeni regional münasibətlərin göstəricisi kimi qiymətləndirilir. Bu, 2025-ci ilin sonundan başlayan və artıq on min tondan çox dizel, eləcə də benzin məhsullarının Ermənistana ixracı ilə davam edən prosesin növbəti mərhələsidir.
Müasir dövrdə regionda nəqliyyat dəhlizləri və iqtisadi asılılığın artması fonunda bu addım xüsusilə aktual hesab olunur. Eyni zamanda, bu cür proseslərin iki ölkə arasında gələcək sülh müqaviləsinin iqtisadi əsaslarının gücləndirilməsinə də müəyyən təsir göstərəcəyi gözlənilir.

Mövzu ilə bağlı Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov Crossmedia.az-a açıqlama verib:
“Bu məsələyə müxtəlif prizmadan baxmaq olar. İqtisadi baxımdan Ermənistan Azərbaycan üçün yeni bazara çevrilir. SOCAR və Azərbaycanın nəqliyyat infrastrukturu əlavə gəlir əldə edir. Dəmiryolu daşımalarının bərpası tranzit imkanlarını genişləndirir. Qarşılıqlı iqtisadi asılılıq müharibə risklərini azaltmağa xidmət edə bilər. Əgər iki ölkə arasında ticarət dövriyyəsi artırsa, bu, tərəflərin tam olmasa da, münasibətləri normallaşdırmağa çalışdığını göstərir. Dünya təcrübəsində də əvvəlcə iqtisadi əlaqələr qurulur, sonra siyasi problemlərin həlli asanlaşır. Lakin bunu sülh müqaviləsinin artıq həll olunmuş məsələ olması kimi qəbul etmək düzgün olmaz. Sərhədlərin delimitasiyası, kommunikasiyalar, qarşılıqlı etimad və digər məsələlər hələ də gündəmdədir”.
Q.Sadıqov əlavə edib ki, Azərbaycanın strateji maraqları baxımından əsas məqsəd Cənubi Qafqazda əsas logistika və enerji mərkəzinə çevrilmək, Ermənistanın da regional iqtisadi layihələrə qoşulmasını təmin etmək, nəqliyyat dəhlizləri və ticarət marşrutlarından əlavə gəlir əldə etmək, bölgədə sabitliyi iqtisadi əməkdaşlıq vasitəsilə möhkəmləndirmək ola bilər:
“Bəzi şəxslər hesab edir ki, Ermənistanla sülh müqaviləsi imzalanmadan və bütün siyasi məsələlər həll olunmadan belə ticarətin genişlənməsi vaxtından əvvəl addımdır. Digərləri isə əksinə, iqtisadi əməkdaşlığın sülhə aparan yolun bir hissəsi olduğunu düşünür. Məncə, 2500 ton dizel göndərilməsi özlüyündə tarixi hadisə deyil, amma 30 ildən artıq düşmənçilikdən sonra Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin formalaşdığını göstərən simvolik və praktik addımlardan biridir. Əgər bu proses davamlı olarsa, gələcək sülh müqaviləsinin iqtisadi əsaslarını gücləndirə bilər. Lakin bu, siyasi problemlərin tam həll olunduğunu göstərmir və prosesin uğuru tərəflərin gələcək addımlarından asılı olacaq”
Ayxan İbişov
15:26 05.06.2026
Oxunuş sayı: 56