Humanitar missiya: Ukraynalı uşaqların Azərbaycanda reabilitasiyası davam edir
Azərbaycan müharibənin ağır nəticələrindən zərər çəkmiş ukraynalı uşaqlara dəstəyini davam etdirir. Sosial və psixoloji reabilitasiya proqramı çərçivəsində daha 30 ukraynalı uşaq ölkəmizə gətirilib. Onların fiziki və emosional vəziyyətlərinin yaxşılaşdırılması, həmçinin cəmiyyətə daha rahat inteqrasiya etmələrinə kömək göstərilməsi məqsədilə müxtəlif reabilitasiya tədbirləri həyata keçiriləcək.
10 gün davam edəcək proqram çərçivəsində uşaqlar həm peşəkar sosial-psixoloji xidmətlərlə əhatə olunacaq, həm də Azərbaycanın zəngin tarixi, mədəniyyəti və milli dəyərləri ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Qeyd edək ki, bu təşəbbüs nəticəsində indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü ötərək ölkəmizin humanitar dəstək fəaliyyətlərinin miqyasını bir daha nümayiş etdirib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan Rusiya–Ukrayna müharibəsinin tezliklə başa çatmasının və münaqişənin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Ölkəmiz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və ona geniş humanitar yardım göstərir. Azərbaycan, həmçinin müharibədən zərər çəkmiş uşaqların reabilitasiyasına töhfə verir. Bir qrup ukraynalı uşağın yenidən Azərbaycana gətirilməsi ölkəmizin bu məsələdə humanist və məsuliyyətli mövqeyinin bariz nümunəsidir. Hesab edirəm ki, Azərbaycanda olduqları müddətdə xoş təəssüratlar qazanan uşaqlar vətənlərinə ölkəmiz haqqında sevgi və minnətdarlıq dolu xatirələrlə qayıdacaqlar".
Elmir Heydərli
09:30 05.06.2026
Oxunuş sayı: 54