Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub
Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyi 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.
Crossmedia.az xəbər verir ki, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov tədbirdə çıxış edərək, Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk parlamentli demokratik respublika olub və həmin dövrdə demokratiya, parlamentarizm, bərabərlik prinsipləri, eləcə də qadınlara seçki hüququnun verilməsi kimi mühüm nailiyyətlər əldə edilib.
Səfir Azərbaycanın tarix boyu müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayaraq, tolerantlıq və dinlərarası dialoq ənənələrinin ölkənin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi davam etdirildiyini qeyd edib.
Bildirilib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Müqəddəs Taxt-Tac ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub və qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Xüsusilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana son səfəri və həmin çərçivədə keçirilən yüksəksəviyyəli görüşlərin münasibətlərin daha da dərinləşməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb.
Diplomat Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərində artan roluna da toxunub. O, postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri, infrastrukturun yenilənməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və ərazilərin mina təhlükəsindən təmizlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Tədbirdə fəxri qonaq qismində çıxış edən Müqəddəs Taxt-Tacın Dövlətlərlə və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi Pol Riçard Qallager Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyini bildirib və Azərbaycanın humanitar, mədəniyyətlərarası və dinlərarası dialoq təşəbbüslərini yüksək qiymətləndirib.
Qallager çıxışında Bakıda Müqəddəs II İohann Pavel adına yeni kilsənin tikintisinə göstərilən dəstəyi xüsusi qeyd edib. O vurğulayıb ki, 2011-ci ildə imzalanmış Azərbaycan–Müqəddəs Taxt-Tac sazişi Katolik Kilsəsinin Azərbaycandakı statusunu və fəaliyyət imkanlarını rəsmiləşdirərək əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edib.
Papa XIV Leonun sülh və dialoq çağırışlarına toxunan Qallager “sülhün utopiya olmadığını” bildirərək xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın vacibliyini ön plana çəkib. Nitqinin sonunda o, Nizami Gəncəvinin “İnsan olsan, insanlarla bir ol; çünki insanlar bir-birinə yaraşan varlıqlardır”, - fikrini xatırladaraq insan həmrəyliyi və dinc birgəyaşayışın əhəmiyyətini vurğulayıb.
Papa XIV Leonun sülh və dialoqla bağlı çağırışlarına istinad edən Qallager “sülhün utopiya olmadığını” vurğulayaraq xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın vacibliyini qeyd edib.
Rəsmi hissədən sonra tədbir bədii proqramla davam edib. Tanınmış tarzən Şəhriyar İmanov və pianoçu Etibar Əsədlinin ifasında Azərbaycan musiqisinin seçilmiş nümunələri səsləndirilib. Musiqi proqramı iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Qəbulda Müqəddəs Taxt-Tacın yüksəkvəzifəli nümayəndələri, din xadimləri, diplomatik korpus rəhbərləri, media təmsilçiləri, elmi və akademik dairələrin üzvləri, həmçinin Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
16:18 28.05.2026
Oxunuş sayı: 41