Madriddə 28 May - Müstəqillik Günü qeyd olunub
Madrid şəhərində Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin təşkilatçılığı 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Dövlət rəsmiləri, media qurumlarının nümayəndələri, həmçinin Azərbaycan icmasının üzvlərinin iştirak etdiyi tədbirdə çıxış edən Azərbaycan İspaniyadakı səfiri Ramiz Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 108-ci ildönümünün tarixi əhəmiyyətindən bəhs edib.
Səfir çıxışında vurğulayıb ki, Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsi və milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib.
Çıxış zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin regionda davamlı sülh və sabitlik üçün yeni reallıqlar yaratdığı diqqətə çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan hazırda regionun aparıcı dövlətlərindən biri kimi enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, humanitar əməkdaşlıq, mədəniyyətlərarası dialoq və beynəlxalq təhlükəsizlik sahələrində mühüm təşəbbüslərlə çıxış edir.
Tədbirə İspaniya hökuməti adından əsas qonaq qismində qatılan Luis Fonseka Sançez Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, iki ölkə arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Tədbirin sonunda qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub, həmçinin ölkəmizin zəngin mədəniyyəti, tarixi və turizm potensialını əks etdirən müxtəlif nəşr və broşürlər nümayiş etdirilib.
Həmçinin diqqətə çatdırılıb ki, bu gün Səfirliyin təşəbbüsü və Madrid Şəhər Şurasının dəstəyi ilə İspaniyanın məşhur tarixi simvollarından hesab olunan "Cibeles" fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.
16:00 28.05.2026
Oxunuş sayı: 52