Orta güclər iqtisadi sabitlik, siyasi müstəqillik, diplomatik fəallıq və strateji coğrafi mövqeləri ilə seçilirlər - Deputat
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə Azərbaycanın aqrar siyasətində yeni mərhələnin konturlarını ortaya qoydu.
Müşavirədə ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatının modernləşdirilməsi, regionların inkişafı və məşğulluğun artırılması kimi strateji istiqamətlər bir daha dövlət siyasətinin prioritetləri kimi təsdiqləndi.
Eyni zamanda, Azərbaycanın “orta güc” kimi beynəlxalq sistemdə artan rolu fonunda aqrar sektorun təkcə iqtisadi deyil, həm də milli təhlükəsizlik və geosiyasi sabitlik amili kimi əhəmiyyəti vurğulandı.
Yeni yanaşmalar ölkənin kənd təsərrüfatında innovasiyalara əsaslanan, dayanıqlı və ixracyönümlü inkişaf modelinə keçidini daha da sürətləndirməyi hədəfləyir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Nigar Məmmədova Crossmedia.az-a açıqlama verib:

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə ölkəmizdə aqrar siyasətin gələcək istiqamətləri elan edildi. Dövlət başçımız kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, regional inkişaf və kənd yerlərində məşğulluğun artırılması ilə bağlı mühüm mesajlar verdi.
Cənab Prezident vurğuladı ki, aqrar sahə hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub. 2004-cü ildən başlayaraq həyata keçirilən regional inkişaf proqramları bölgələrin simasını tamamilə dəyişib. “Bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur”.
Dövlət başçısı bildirdi ki, həmin dövrdə qazlaşdırma, elektrik enerjisi, yol infrastrukturu və su təminatı sahəsində həyata keçirilən layihələr kənd təsərrüfatının inkişafı üçün möhkəm baza formalaşdırıb.
Hazırda ölkədə qazlaşmanın 96 faizə çatması, yeni su anbarlarının və magistral kanalların tikilməsi aqrar sahənin genişlənməsinə ciddi töhfə verir.
Müşavirədə ərzaq təhlükəsizliyi xüsusi diqqət mərkəzində oldu. Qlobal böhranlar, müharibələr, nəqliyyat zəncirlərinin pozulması və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsir etdiyini vurğulayan dövlət başçımızın da söylədiyi kimi “hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır”.
Prezidentin çıxışında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq mövqeyi və “orta güc” dövlət kimi formalaşması ilə bağlı fikirləri oldu.
Dövlət başçısının bu yanaşması göstərir ki, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi həm də geosiyasi və strateji təhlükəsizlik məsələsinə çevrilib”.
Deputat əlavə edib ki, Azərbaycanın timsalında söyləyə bilərik ki, orta güclər iqtisadi sabitlik, siyasi müstəqillik, diplomatik fəallıq və strateji coğrafi mövqeləri ilə seçilirlər:
“Azərbaycan da son illərdə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional diplomatiya və beynəlxalq tədbirlərə ev sahibliyi baxımından məhz bu statusu gücləndirib. Prezident İlham Əliyevin kənd təsərrüfatı müşavirəsində bu məsələyə toxunması isə göstərir ki, aqrar sektor da artıq ölkənin beynəlxalq nüfuzunun bir hissəsi hesab olunur.
Azərbaycan həm də xarici investorlar üçün cəlbedici ölkəyə çevrilməkdədir.
“Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var” deyən cənab Prezident də bəyan etdi ki, Azərbaycan kənd təsərrüfatında idxaldan asılılığın azaldılması üçün geniş imkanlar təqdim edir.
Aqrar sahənin inkişafı idxaldan asılılığı azaldır, regionlarda məşğulluğu artırır, sosial sabitliyi gücləndirir. Bu isə nəticə etibarilə dövlətin siyasi dayanıqlığını möhkəmləndirir.
İşğaldan azad olunmuş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda su anbarlarının bərpası, yeni kanalların çəkilməsi və intensiv bağçılıq layihələri Azərbaycanın iqtisadi potensialını artırır.
Dövlət başçımız da qeyd edib ki, müasir suvarma sistemləri hazırda 130 min hektar sahədə tətbiq olunur və məqsəd bu göstəricini 300 min hektara çatdırmaqdır.
Bundan əlavə, dövlət başçısı aqrar sahədə rəqəmsal texnologiyaların, süni intellektin və peyk sistemlərinin tətbiqinin vacibliyini də vurğuladı. Hər bir torpaq sahəsinin elektron “pasportu” hazırlanmalı və hansı məhsulun daha səmərəli yetişdirilə biləcəyi elmi əsaslarla müəyyənləşdirilməlidir.
Müşavirədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan yaxın illərdə aqrar sahənin inkişafını iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi davam etdirəcək.
2026−2030-cu illəri əhatə edən Yeni Dövlət Proqramı isə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərində rifahın yüksəldilməsi və ixrac potensialının artırılması baxımından mühüm mərhələ olacaq”.
Ayhan
16:10 26.05.2026
Oxunuş sayı: 45