Gərginlikdən dialoqa - Azərbaycan və Rusiya nəyi müzakirə edir?
Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlığın perspektivlərinə dair aparılan müzakirələr regionda diqqətlə izlənilir. Son dövrlərdə münasibətlərdə yaranmış gərginlik fonunda tərəflərin yenidən dialoqa üstünlük verməsi diqqət çəkir.
Ekspertlərin fikrincə, görüşlərdə iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat layihələri, regional təhlükəsizlik və son vaxtlar münasibətlərdə yaranmış problemlər müzakirə olunub.
Bəs bu gün Azərbaycan-Rusiya münasibətləri hansı mərhələdədir və tərəflər arasında əvvəlki etimadı bərpa etmək mümkün olacaqmı?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlama verib:

“Rusiya və Azərbaycan arasında kifayət qədər pozitiv məzmunlu, yaxşı münasibətlər mövcud idi. Ancaq Azərbaycanın sərnişin təyyarəsinin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulmasından sonra bu münasibətlər ciddi şəkildə korlandı və hər iki tərəf qarşılıqlı olaraq sərt addımlar atdı.
Xüsusilə də Rusiya Azərbaycana qarşı çox ədalətsiz və qərəzli mövqedən çıxış etdi. Rusiyada yaşayan azərbaycanlılar zorakılıqlara və təqiblərə məruz qaldılar. Təbii ki, Rusiyanın bu aqressiv və neoimperialist davranışları Azərbaycanın da əks reaksiyasına səbəb oldu və uzun müddət Azərbaycan ilə Rusiya arasında münasibətlər soyuq və məsafəli qaldı.
Son vaxtlar isə bu münasibətlərin düzəldilməsi istiqamətində müəyyən addımlar atılmağa başlayıb. Rusiya vurulmuş sərnişin təyyarəsində həlak olan insanların ailələrinə təzminat ödəməyi öz üzərinə götürüb və böyük ehtimalla iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunarkən bu məsələ də ciddi şəkildə gündəmə gətirilib.
Digər tərəfdən, son vaxtlara qədər Rusiyanın günahı ucbatından korlanmış münasibətlərin yenidən bərpa olunması və əvvəlki səviyyəsinə çatdırılması ilə bağlı məsələlərin də müzakirə olunduğu istisna deyil”.
Politoloq əlavə edib ki, ancaq ümumi götürdükdə, bu münasibətlərin qısa zamanda əvvəlki səviyyəyə çatma ehtimalı o qədər də inandırıcı görünmür:
“Çünki Kremlin davranışları Azərbaycanın Rusiyaya olan etimadını zəiflətdi. Artıq böyük ehtimalla rəsmi Bakı Kremlə əvvəlki qədər etimad göstərmir. Kreml isə rəsmi Bakının etimadını yenidən qazanmaq üçün daha səmimi və beynəlxalq hüquqa uyğun davranmağı öyrənməlidir. Əks halda, bu münasibətlərin əvvəlki səviyyəyə yüksəlməsi ehtimalı o qədər də real görünmür”.
Ayhan
12:00 26.05.2026
Oxunuş sayı: 69