Publisistik üslub Azərbaycan dilinə zərbə vurur? - Fikirlər haçalandı
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlinin “Ana dili: kimlik və gələcək” adlı gənclərin iştirakı ilə keçirilən respublika konfransında səsləndirdiyi fikir geniş müzakirələrə səbəb olub. O, çıxışında Azərbaycan dilinə ən böyük zərərin publisistik üslub tərəfindən vurulduğunu bildirib.
Bu yanaşma ictimaiyyət və dil mütəxəssisləri arasında fərqli reaksiyalar doğurur. Bir tərəfdən publisistik üslub dilin ən geniş istifadə olunan və cəmiyyətə ən çox təsir edən forması kimi qəbul edilir, digər tərəfdən isə onun normativ ədəbi dilə təsirinin nə dərəcədə mənfi olub-olmaması ciddi sual doğurur. Məhz bu baxımdan dilin inkişafında publisistik üslubun rolu və onun mümkün təsirləri ətrafında müzakirələr aktuallığını qoruyur.

Mövzu ilə bağlı dilçi alim, akademik Nizami Cəfərov Crossmedia.az-a açıqlama verib: “Ümumiyyətlə, bu məsələ uzun illərdir müzakirə olunur. Çünki Azərbaycanda gedən dil prosesləri publisistik üslub barədə müxtəlif fikirlərin səsləndirilməsini zəruri edir. Nadir müəllim də bu kontekstdə publisistik üslub haqqında öz fikirlərini bildirib. Publisistik üslub bu gün Azərbaycan ədəbi dilinin inkişafında mühüm rol oynayır. Bu proses xüsusilə müstəqillik illərindən sonra daha da güclənib və ədəbi dil məhz publisistik üslub hesabına xeyli zənginləşib və inkişaf edib. Burada publisistik üslub geniş mənada başa düşülür — yəni həm peşəkar publisistlərin yazıları, həm də elm adamlarının, ədəbiyyat nümayəndələrinin və digər sahələrdən olan şəxslərin yazdıqları və çıxışları bu çərçivəyə daxildir. Siyasətçilərdən tutmuş müxtəlif peşə sahiblərinə qədər geniş bir çevrənin dili, yazısı və düşüncə tərzi publisistik üslubu formalaşdırır. Bu baxımdan Azərbaycan ədəbi dili bu gün daha çox publisistik üslubun təsiri ilə inkişaf edir. Nadir müəllimin fikrində müəyyən paradoksal məqam da var: yəni o hesab edir ki, dilə ən çox zərər verən məhz publisistik üslubdur. Bu fikir müəyyən mənada haqlıdır, çünki geniş istifadə olunan hər bir üslub həm inkişaf, həm də müəyyən pozuntular gətirə bilər”.
Akademik əlavə edib ki, ədəbi dili bu təsirlərdən tamamilə təcrid etmək mümkün deyil: “Xalq özü ədəbi dilin inkişafında, zənginləşməsində və yenilənməsində həmişə əsas rol oynayıb. Ona görə də Nadir müəllimin fikirləri ilə hesablaşmaq lazımdır, lakin ümumi tendensiya göstərir ki, publisistik üslub bu gün Azərbaycan ədəbi dilinin inkişafında, onun xalqa yaxınlaşmasında və geniş kütlələr arasında yayılmasında həlledici rol oynayır”.
Ayhan
19:35 25.05.2026
Oxunuş sayı: 55