Emi Karlon: Azərbaycanla Ermənistanın sülh sazişinin paraflanmasının bir parçası olmaqdan qürur duyuruq
Ötən yeddi ayda ABŞ-Azərbaycan münasibətlərinin sürətli inkişafını müşahidə etmək məmnunluq doğurur.
Crossmedia.az xəbər verir ki, bunu "Azərtac"a müsahibəsində ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlon deyib.
Onun fikrincə, bu dövrün ən yaddaqalan məqamı 8 avqust Sammiti idi:
"Həmin Sammitdə Prezident Tramp Prezident İlham Əliyevi və Baş nazir Paşinyanı Vaşinqtona dəvət etmişdi və orada bir sıra tarixi sənədlər imzalandı. Bunlardan birincisi və ən asası isə, əlbəttə ki, Azərbaycan və Ermənistan arasında sülhə dair saziş layihəsinin paraflanması idi".
E.Karlon vurğulayıb ki, avqustun 8-dən sonra formalaşan yeni münasibətlər ABŞ şirkətləri üçün də imkanlar yaradıb:
"Mən bu imkanlar barədə bir sıra ABŞ şirkətləri ilə danışmışam və bu, Azərbaycanla münasibətlərimizin gələcək mərhələsində diqqət mərkəzində olacaq. Onu da qeyd etmək istəyirəm ki, ABŞ şirkətləri innovasiya və texnologiya sahələrində dünyada liderdirlər və biz bu imkanları ölkələrimizin qarşılıqlı rifahı naminə Azərbaycana gətirmək istəyirik".
Diplomat vurğulayıb ki, son otuz ildən artıq müddətdə Cənubi Qafqazda sülh üçün ən yaxşı fürsət avqustun 8-də keçirilən Sammit və Prezident İlham Əliyev ilə Baş nazir Nikol Paşinyanın Prezident Donald Trampın iştirakı ilə göstərilən təşəbbüsdür:
"Bu, tarixi bir nailiyyətdir və Birləşmiş Ştatlar bunun bir parçası olmaqdan böyük qürur duyur. Biz Prezident İlham Əliyevin və Baş nazir Paşinyanın avqustun 8-də keçirilən sammit barədə bəhs etməsindən məmnunuq. Onlar ötən il Birləşmiş Ştatlarda imzalanmış tarixi sənədlərdən bəhs etdilər. Düşünürəm ki, bu, həmin xalqların malik olduğu nikbinliyi, regionun bütün ölkələrinin gələcəyi ilə bağlı bölüşdüyü ümidləri və artıq həyata keçirildiyini gördüyümüz davamlı sülh perspektivlərini açıq şəkildə əks etdirir".
20:08 22.01.2026
Oxunuş sayı: 1274