Azərbaycan Sülh Şurasından dünyada mövqelərini gücləndirmək üçün istifadə etməlidir- Rəy
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda dayanıqlı sülhün təmin olunması məqsədilə əməkdaşlığa hazır olduğunu bildirib. Məktubda İlham Əliyev yeni yaradılması nəzərdə tutulan Sülh Şurasına qoşulmağa dəvət edilib və Azərbaycanın qlobal sülh proseslərində roluna yüksək qiymət verilib.
Bu məktub Azərbaycanın son illərdə regional və qlobal səviyyədə artan siyasi çəkisinin göstəricisidir. İlham Əliyevin sülh və əməkdaşlıq mövzularında ardıcıl mövqeyi beynəlxalq aktorlar tərəfindən diqqətlə izlənir. Bu cür təşəbbüslər Azərbaycanın diplomatik imkanlarını daha da genişləndirə bilər.
Hadisələrin gedişi ilə bağlı Milli Məclisin deputatı Nigar Arpadari Crossmedia.az-a açıqlama verib:
O qeyd edib ki,Tramp administrasiyasının BMT sisteminə inamsızlığı Sülh Şurası kimi alternativ mexanizmlərin ortaya çıxmasına səbəb olub:
"İndiki vəziyyətə nəzər salsaq, burada bir neçə önəmli faktor mövcuddur. Birinci faktor ondan ibarətdir ki, ABŞ son zamanlar ardıcıl şəkildə BMT sistemi çərçivəsində fəaliyyət göstərən və ümumilikdə bir sıra beynəlxalq təşkilatlardan çıxış etdiyini elan edib. Söhbət əsasən sahəvi və xüsusi agentliklərdən gedir. Təbii ki, ABŞ BMT sisteminin əsas orqanları olan Təhlükəsizlik Şurasından və ya Baş Assambleyadan çıxışla bağlı hər hansı bir bəyanat verməyib, çünki bu, onlara o qədər də sərf etmir. Lakin müxtəlif sahələr üzrə fəaliyyət göstərən, sayının təxminən altmışa yaxın olduğu deyilən təşkilatlardan ABŞ-ın çıxdığını elan etməsi onu göstərir ki, Tramp administrasiyası BMT sisteminə inanmır və bu sistemin islahatlara ehtiyacı olduğunu düşünür.
Məhz bununla bağlı olaraq Sülh Şurası ideyası da ortaya çıxıb. Bildiyiniz kimi, bu ideya ilkin mərhələdə əsasən Qəzza ətrafında baş verən hadisələrlə əlaqələndirilirdi. Lakin məsələ yalnız bununla məhdudlaşmır. Daha bir sıra problemlərin və həlli tələb olunan münaqişələrin də həmin mexanizm, yəni bu Şura vasitəsilə çözülməsi ideya olaraq gündəmə gətirilir. Burada əsas məqam ondan ibarətdir ki, ABŞ bu strukturu öz hegemoniyasını daha birmənalı şəkildə həyata keçirə biləcəyi bir alətə çevirmək niyyətindədir. Onlar bu Şuranı, əslində, mövcud BMT strukturlarını əvəz edə biləcək alternativ bir sistem kimi formalaşdırmaq istəyirlər. Bu, Tramp administrasiyasının əsas ideyasıdır.
Lakin qeyd etmək lazımdır ki, bu, ilk belə cəhd deyil. Məsələn, G7, G20 kimi qurumlar vasitəsilə də əvvəllər müəyyən məsələlərin BMT sistemindən kənarda həll olunmasına cəhdlər edilib. Burada maraqlı olan məqam ondan ibarətdir ki, Tramp administrasiyası hazırda bir çox Avropa ölkələri ilə demək olar ki, gərgin münasibətlər içərisindədir. Bu isə o deməkdir ki, ABŞ əsas diqqəti qeyri-Avropa ölkələrinə yönəldir və onlara üstünlük verir. Bu, Amerika diplomatiyası üçün kifayət qədər qeyri-adi bir vəziyyətdir".
Onun fikrincə, Azərbaycan Sülh Şurasından dünya arenasında öz mövqelərini gücləndirmək üçün istifadə etməlidir: "Düşünürəm ki, Azərbaycanın bu təşəbbüsə qoşulmasına razılıq verməsi də məhz bununla bağlıdır. Eyni zamanda, biz bilirik ki, BMT strukturları Azərbaycan üçün hər zaman real və praktik fayda gətirməyib. Vaxtilə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi qətnamələr mövcud idi, lakin BMT bu qətnamələrin icrası üçün ciddi səylər göstərmirdi. Bununla belə, həmin qətnamələr işğal faktını təsdiqləyir və beynəlxalq hüquqi baza yaradırdı. Nəticədə Azərbaycan bu qətnamələri faktiki olaraq özü icra etdi.
Bu səbəbdən Azərbaycan BMT-yə qarşı hər hansı anti-mövqe tutmayacaq. Düşünmürəm ki, Azərbaycan belə bir mövqe seçsin. İstənilən halda, indiki vəziyyətdə, cənab Prezidentin də qeyd etdiyi kimi, regional əlaqələrin və region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan üçün milli maraqlar hər zaman birinci yerdə olub və bu, bundan sonra da belə davam edəcək".
Ülvi Zahidov
17:20 22.01.2026
Oxunuş sayı: 1084