Ədalət Vəliyev bu partiyanın sədri ilə görüşdü
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Xalq Partiyasının yeni seçilmiş sədri Qiyas Sadıqov ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüş zamanı Qiyas Sadıqovu partiyanın sədri seçilməsi münasibətilə təbrik edən şöbə müdiri ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu, siyasi islahatlar, icra və qanunvericilik hakimiyyətləri arasında əlaqələrin inkişafı, siyasi plüralizm, dövlət-partiya və partiyalararası münasibət, çoxpartiyalı siyasi sistemin inkişafına dövlət dəstəyi, habelə siyasi münasibətlər müstəvisində yaranmış sağlam mühitin qorunmasına xidmət edən dövlətin digər təşəbbüsləri haqqında öz fikirlərini səsləndirib.
Fikir mübadiləsi zamanı Azərbaycan Xalq Partiyasının dövlət qeydiyyatına alınması, partiyanın bugünkü legitim fəaliyyəti və bu kimi digər məsələlər haqqında söhbət açılıb, ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivləri, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, partiyaların beynəlxalq əlaqələrinin gücləndirilməsi, Qarabağda bərpa-quruculuq işləri və digər bu kimi məsələlər haqqında müzakirələr aparılıb.
Partiyanın indidən sonra da milli maraqlar naminə əməkdaşlıq xəttini davam etdirəcəyini vurğulayan Qiyas Sadıqov ölkədə gerçək siyasi dialoq mühitinin dərinləşdirilməsi və təşviq olunmasında AXP-nin aktiv fəaliyyət göstərəcəyini bildirib.
17:10 22.01.2026
Oxunuş sayı: 2430