Qarabağdakı yenidənqurma işlərinə mane olan əsas amil açıqlanıb
İşğaldan azad edilmiş ərazilərdə həyatın təhlükəsiz və dayanıqlı şəkildə bərpası istiqamətində aparılan humanitar minatəmizləmə işləri dövlətin əsas prioritetlərindən biri olaraq qalır. Müharibənin ağır irsi olan minalar və partlamamış hərbi sursatlar yalnız infrastrukturun deyil, eyni zamanda mülki əhalinin təhlükəsizliyinin təmin olunması baxımından da ciddi risk mənbəyidir.
Bu baxımdan aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində həyata keçirilən minatəmizləmə əməliyyatları azad olunmuş torpaqlarda bərpa-quruculuq prosesinə mühüm töhfə verir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışını sürətləndirir. Yanvarın 12–18-ni əhatə edən həftə ərzində görülən işlər də bu istiqamətdə aparılan ardıcıl və sistemli fəaliyyətin növbəti göstəricisi kimi qiymətləndirilə bilər.
İşğaldan azad oluunmuş ərazilərin sürətlə minalardan təmizlənməsi barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, Azərbaycanın Qarabağda aparılan quruculuq və bərpa işlərinin ən böyük maneələrdən biri minalardır: "Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq yüz minlərlə mina insanların öz dədə-baba yurdlarına təhlükəsiz şəkildə qayıtmasına mane olur. Mina təmizləmə işləri əsasən Azərbaycan tərəfindən, öz güc və təcrübəsinə əsaslanaraq həyata keçirilir, digər ölkələrinin yardımı çox məhduddur. Bu isə bərpa prosesini ləngidir və əlavə resurs tələb edir. Eyni zamanda, Ermənistanın verdiyi xəritələr də tam dəqiq deyil və yalnız 20–25% dəqiqlik səviyyəsinə malikdir. Buna görə bərpa işləri uzun müddət davam edəcək və Azərbaycan böyük resurslar sərf etməlidir".
Elmir Heydərli
11:42 21.01.2026
Oxunuş sayı: 1537