8 Noyabr - Qürurumuzun, qəhrəmanlığımızın və milli birliyimizin təntənəsi
Bu gün, 8 Noyabr 2025-ci il, Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə yazılmış ən möhtəşəm günlərdən birinin Zəfər Günümüzün 5 illiyidir. Bu gün təkcə qələbənin deyil, millətimizin əzmini, birliyini, dövlətimizin qüdrətini, ordumuzun şücaətini əks etdirən müqəddəs bir gündür. Beş il əvvəl, 2020-ci ilin 8 noyabrında, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şuşanı azad etməklə, tarixi ədaləti bərpa etdi, xalqımızın illərlə qəlbində daşıdığı nisgili Qarabağ həsrətini sona çatdırdı.
Bu zəfər təkcə torpaqlarımızın azadlığı deyil, ruhumuzun dirçəlişi, xalqımızın öz tarixi və kimliyi ilə yenidən qovuşması idi. Şuşanın azadlığı ilə Azərbaycan xalqı göstərdi ki, bu torpaqların hər daşı, hər qayası, hər nəfəsi Vətən sevgisi ilə yoğrulub. Hər bir igidimizin qanı, canı bu torpaqların müqəddəsliyini bir daha təsdiqlədi.
Vətən müharibəsi hər bir azərbaycanlının yaddaşına unudulmaz iz qoyan, igidlik və fədakarlıq dastanına çevrilmiş bir qəhrəmanlıq səhifəsidir. Həmin 44 gün ərzində Azərbaycan Ordusu XX əsrin sonundan qalma ədalətsizliyi 21-ci əsrin ən parlaq hərbi-siyasi qələbəsinə çevirdi. Bu zəfər təkcə döyüş meydanında qazanılmadı; bu zəfər xalqla dövlətin birliyində, igid oğullarımızın mərdliyində, şəhidlərimizin qanında, analarımızın dualarında yoğruldu.
Bu gün azad Şuşadan ucalan Azərbaycan bayrağı, beş il əvvəlki o möhtəşəm qələbə anını hər birimizin yaddaşında yenidən canlandırır. Bayrağımızın dalğalanması yalnız bir rəmz deyil bu, qürurun, qisasın, ədalətin, tarixin və gələcəyin simvoludur.
Biz bu qələbəni asanlıqla qazanmadıq. Minlərlə qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucaldı, canlarını Vətən torpağının azadlığı uğrunda fəda etdilər. Onların hər biri bu gün yaşayan Azərbaycan üçün, gələcəyin işıqlı sabahı üçün öz həyatını qurban verdi. Məhz onların igidliyi sayəsində bu gün biz azad Şuşadan, azad Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan və Laçından danışırıq.
Zəfərimizin beşinci ili təkcə keçmişi xatırlamaq deyil bu, həm də gələcəyə baxış, yeni dirçəlişin, quruculuğun, bərpa və inkişafın simvoludur. Bu gün azad Qarabağda həyat yenidən qaynayır, şəhərlərimiz bərpa olunur, torpaqlarımızın hər qarışında azərbaycanlı nəfəsi duyulur. Biz bu torpaqlara təkcə qayıtmırıq – onları yenidən dirildir, gələcək nəsillərə miras qoyuruq.
Əziz həmvətənlər,
Bu Zəfər Günü bizim milli kimliyimizin, birliyimizin, əzmkarlığımızın zirvəsidir. Qələbəmizin 5 ili tamam olur, amma onun ruhu, onun yaratdığı qürur əsrlərlə yaşayacaq. Hər bir azərbaycanlının qəlbində bu gün bir səs ucalır:
“Qarabağ Azərbaycandır!”
Qoy 8 Noyabr hər zaman millətimizin qəhrəmanlıq simvolu, azadlıq və ədalət bayramı, qəlbləri birləşdirən böyük bir inam günü kimi tarixdə yaşasın!
Eşq olsun Azərbaycan Ordusuna!
Eşq olsun Müzəffər Ali Baş Komandana!
Qarabağ Azərbaycandır!
Elmir Heydərli
12:27 08.11.2025
Oxunuş sayı: 3411