Zəhmətin və intizamın ünvanı - Bakı Metropoliteni
Bu gün 6 noyabr tarixi paytaxtımız Bakı üçün, eləcə də bütün Azərbaycan xalqı üçün xüsusi bir gündür. Məhz bu gün Bakı Metropoliteninin əsası qoyulub, artıq düz 58 ildir ki, bu yeraltı nəqliyyat sistemi şəhərimizin həyatını nizamlayan, paytaxtın nəfəsini daşıyan bir canlı orqanizmə çevrilib.
Bakı metrosu təkcə bir nəqliyyat vasitəsi deyil bu, zəhmətin, fədakarlığın və dəqiqliyin simvoludur. Hər stansiyanın memarlığında, hər tunelin dərinliyində, hər relsin səsində Azərbaycan insanının əli, ağlı və ürəyi var.
Bu gün Bakı Metropoliteni müasir texnologiyalarla zənginləşərək inkişaf yolunda inamla addımlayır. Yeni stansiyalar, yenilənən vaqonlar, daha rahat və təhlükəsiz xidmət bütün bunlar dövlətimizin şəhər infrastrukturuna, insan rahatlığına verdiyi dəyərin təzahürüdür.
Ancaq bu 58 illik tarix təkcə binalardan, qatar relslərindən ibarət deyil. Bu tarix minlərlə fədakar insanın alın tərindən yoğrulub. O insanların arasında mənim üçün bu günün mənəvi dəyərini daha da artıran bir fakt var mənim babam metronun ilk fəaliyyətə başladığı gündən, yəni 1967-ci ildən 47 il müddətində Bakı Metropolitenində müxtəlif rəhbər vəzifələrdə çalışıb, əmim isə 30 ildən artıqdır qatar maşinisti kimi bu nəhəng sistemin ritmini qoruyur.
Onlar hər zaman mənə bu peşənin ağır və olduqca maraqlı məqamlarını deyər məndə buna həvəslə qulaq asardım. İndidə əmimdən yeraltı dünyanın maraqlı məqamlarını öyrənirəm və bu olduqca maraqlıdır.
Onların və metropoliten əməkdaşlarının timsalında bir məktəb, bir fədakarlıq və bir şərəf var. Hər səhər minlərlə insanı təhlükəsiz və vaxtında mənzil başına çatdıran o səssiz qəhrəmanların sırasında olmaq bir qürur mənbəyidir. Mənim üçün metro yalnız bir nəqliyyat vasitəsi deyil – ailə tariximin, zəhmət və məsuliyyət ənənəsinin davamıdır.
Bu münasibətlə Bakı Metropoliteninin bütün əməkdaşlarını – mühəndisləri, maşinistləri, texnikləri, dispetçerləri, xidmət işçilərini və rəhbər heyəti ürəkdən təbrik edirəm. Sizin sayənizdə paytaxtın nəbzi hər gün eyni ahənglə döyünür, Bakı həyatının axarı kəsilmir.
Bakı Metropoliteninin 58 illiyi mübarək!
Bu 58 illik yol bir daha sübut edir ki, yerin altında da nur, zəhmət və vətən sevgisi var.
Ulu Öndərimizin qeyd etdiyi kimi Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Gününüz mübarək əziz metropolitençilər. Yolunuz daima açıq və işıqlı, işıqforunuz isə hər zaman yaşıl olsun.
Elmir Heydərli
16:44 06.11.2025
Oxunuş sayı: 3945