CROSSMEDIA - Analitik İnformasiya Portalı

İqtisadi

12:27 24.11.2026

TRİPP layihəsinin başlanması: Cənubi Qafqazda yeni nəqliyyat-logistika arxitekturası

550

TRİPP-in ən böyük strateji üstünlüyü cənubi Qafqazda nəqliyyat əlaqələrini siyasi qarşıdurma predmetindən iqtisadi əməkdaşlıq vasitəsinə çevirmək potensialıdır. TRİPP layihəsinə start verilməsi Cənubi Qafqazın geoiqtisadi inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu təşəbbüs, yalnız Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin bərpası deyil, bütövlükdə regionun beynəlxalq logistika sisteminə inteqrasiyası, Şərq–Qərb nəqliyyat marşrutlarının şaxələndirilməsi və yeni iqtisadi əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından əhəmiyyətlidir. Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRİPP) layihəsinin reallaşdırılması Cənubi Qafqazın geosiyasi əhəmiyyətini iqtisadi və tranzit potensialı ilə daha sıx əlaqələndirir. Təbii ki, nəinki regional, qlobal əhəmiyyət kəsb edən layihənin perspektivləri qiymətləndirilərkən onun Azərbaycan, Ermənistan, ABŞ, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında formalaşdıra biləcəyi yeni iqtisadi əlaqələrə xüsusi diqqət yetirilməlidir. Məlum olduğu kimi, TRİPP layihəsinin əsası 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə əldə olunmuş razılaşmalarla qoyulub. Layihənin başlıca məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat bağlantısının yaradılması, eyni zamanda Cənubi Qafqazda beynəlxalq yük və sərnişin daşımaları üçün yeni imkanların formalaşdırılmasıdır. Proseslərin davamı olaraq, 2026-cı il yanvarın 14-də Ermənistan və ABŞ TRİPP-in həyata keçirilməsi üzrə çərçivə sənədini açıqlayıblar. Sənəddə layihənin Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında, multimodal nəqliyyat bağlantısı kimi reallaşdırılması nəzərdə tutulur. Layihənin idarə olunması üçün TRIPP Development Company şirkətinin yaradılması da planlaşdırılıb. İlkin modelə əsasən, şirkətdə ABŞ-ın 74%, Ermənistanın isə 26% paya sahib olması, 49 illik ilkin müddətdən sonra Ermənistanın payının 49%-ə çatdırılması nəzərdə tutulur.

PREZİDENTİN GÜNDƏLİYİ

Son xəbərlər