Azərbaycan–Türkiyə–Pakistan üçlüyü: Laçın Zirvəsindən strateji əməkdaşlığın yeni mərhələsinə

2025-ci il 28 May – Müstəqillik Günündə Azərbaycanın Laçın şəhərində baş tutan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşü regional və beynəlxalq müstəvidə mühüm bir dönüş nöqtəsi kimi tarixə yazıldı. Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən bu tədbir, təkcə siyasi həmrəylik mesajı deyil, həm də yeni bir geoiqtisadi və təhlükəsizlik platformasının formalaşması kimi qiymətləndirilir.
Laçın Zirvəsinin simvolikası aydındır: işğaldan azad olunmuş və sürətlə bərpa edilən bölgədə keçirilən bu görüş, Azərbaycanın suverenliyi üzərində qurulan yeni regional düzənin rəmzidir. Amma bu zirvə təkcə rəmzi deyil – həm də konkret layihələr, sərmayə planları və əməkdaşlıq istiqamətləri ilə müşayiət olundu. Artıq Azərbaycan, Türkiyə və Pakistan üçlüyü ortaq iqtisadi mənafelər və strateji baxışla da birləşir.
Prezident İlham Əliyevin görüşdə qeyd etdiyi kimi, Azərbaycanın son illərdə iqtisadi inkişafı, nəqliyyat-logistika potensialı və enerji imkanları regional əməkdaşlığa yeni təkan verir. Bu baxımdan Zirvə görüşü çərçivəsində SOCAR, Pakistan Dövlət Neft Şirkəti (PSO) və FWO arasında neft nəqli ilə bağlı əməkdaşlıq məsələləri gündəmdə idi. Azərbaycanın Pakistana təqribən 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracağı gözlənilir ki, bu da Cənubi Asiyada ilk belə genişmiqyaslı iqtisadi iştirak olacaq.
Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi regional layihələrin Türk dövlətlərini və Pakistana çıxışı asanlaşdıracağı perspektivi danılmazdır. Üç ölkənin Orta Dəhlizlə inteqrasiyası həm enerji təhlükəsizliyinə, həm də ticarət axınlarına müsbət təsir göstərə bilər.
Azərbaycan, Türkiyə və Pakistan müdafiə sahəsində artıq illərdir ki, qarşılıqlı təlimlər, hərbi texnika sahəsində bilik və təcrübə mübadiləsi həyata keçirirlər. Laçın Zirvəsində bu əməkdaşlığın daha da dərinləşdirilməsi razılaşdırılıb. Türkiyə və Pakistan istehsalı olan hərbi texnologiyalarla Azərbaycan arasında əməkdaşlığın genişlənməsi ilə yanaşı, birgə istehsal imkanlarının da dəyərləndirilməsi diqqət çəkir. Bu isə regional müdafiə sənayesinin formalaşmasına və idxaldan asılılığın azalmasına töhfə verə bilər.
Zirvə zamanı Naxçıvan və Lahor şəhərləri arasında imzalanan əməkdaşlıq memorandumu göstərdi ki, üç ölkə təkcə iqtisadi və hərbi sahələrdə deyil, həm də humanitar və mədəni sahələrdə birlik nümayiş etdirir. Təhsil, turizm, mədəniyyət və KİV sahəsində müştərək tədbirlər bu yaxınlığın daha da dərinləşməsinə xidmət edir. Qardaş ölkələrin universitetləri və elmi-tədqiqat institutları arasında əlaqələrin artırılması da zəruridir.
Laçın Zirvəsi göstərdi ki, Azərbaycan–Türkiyə–Pakistan üçlüyü artıq təsadüfi diplomatik platforma deyil, davamlı strateji əməkdaşlığa keçmək üçün real potensiala malikdir. Məhz bu baxımdan, üç ölkə arasında daimi işçi qruplar çərçivəsində birgə mexanizmlərin yaradılmasını məqsədəuyğundur. Bu, hər üç ölkənin siyasi iradəsini daimi mexanizmlə sistemləşdirərək strateji koordinasiyanı gücləndirə bilər. Azərbaycan bu üçtərəfli modeldə həm coğrafi mərkəz, həm də təşəbbüskar rolundadır. Ortaq platformalarda Azərbaycanın təşəbbüskarlığı, diplomatik manevr qabiliyyəti və iqtisadi resursları bu əməkdaşlığın dayanıqlı olması üçün əsas dayaqlardandır.
Bu kontekstdə aşağıdakı təkliflər aktuallıq kəsb edir:
•Üç ölkənin ortaq strateji yol xəritəsinin hazırlanması
•Müştərək investisiya fondlarının yaradılması və texnologiya transfer mexanizmlərinin qurulması
•Humanitar sahədə müştərək institutların təşviqi (məsələn, Türk-Pakistan-Azərbaycan Gənclər Forumu)
•Ortaq media və informasiya platformasının qurulması (dezinformasiyaya qarşı ortaq cavablar daxil olmaqla)
Yekun olaraq qeyd etmək lazımdır ki, Laçın Zirvəsi sadəcə bir liderlər toplantısı deyildi – bu, yeni bir strateji üçbucağın rəsmi formalaşma anı idi. Azərbaycan, Türkiyə və Pakistan arasında qurulan bu birlik, gələcəkdə təkcə region üçün yox, qlobal miqyasda da yeni güc balanslarına təsir göstərə bilər. Əgər bu platforma sistemli və davamlı şəkildə inkişaf etdirilərsə, bu birlik XXI əsrin yeni regional modeli kimi tarixə düşə bilər.
Aqil Eyvazov
İqtisad üzrə fəlsəfə doktoru , dosent
13:01 29.05.2025
Oxunuş sayı: 1961
