Türk dövlətləri iqtisadi əməkdaşlıqdan strateji birliyə keçə bilərmi?
Qlobal ticarət marşrutlarının yenidən formalaşdığı, Orta Dəhlizin strateji əhəmiyyətinin artdığı bir dövrdə Türk və region dövlətləri arasında nəqliyyat-logistika əməkdaşlığı daha da aktuallaşır.
Məhz bu fonda Astanada Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA çərçivəsində Vahid Tranzit İcazəsi Sazişinin imzalanması diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.
Yeni saziş tranzit daşımalarında bürokratik maneələrin azaldılmasını, daşıma prosedurlarının sadələşdirilməsini və iştirakçı ölkələr arasında yük dövriyyəsinin sürətləndirilməsini hədəfləyir.
Ekspertlər hesab edirlər ki, bu addım yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır və regionun Avropa ilə Asiya arasında əsas tranzit mərkəzlərindən birinə çevrilməsi prosesini sürətləndirə bilər.
Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli Crossmedia.az-a açıqlama verib:

“Təbii ki, bu prosesin artıq iqtisadi baxımdan müəyyən müsbət nəticələri var. Ancaq mən düşünürəm ki, Türk dövlətləri bundan sonra daha konkret addımlar atmalı, bir-biri ilə daha ciddi sazişlər imzalamalı və ortaq qərarlara gəlməlidirlər.
Bu birlik artıq yalnız iqtisadiyyat, mədəniyyət və humanitar əməkdaşlıq çərçivəsində qalmamalıdır. Türk dövlətləri həm siyasi, həm geosiyasi, həm strateji, həm də hərbi baxımdan vahid bir alyansa çevrilməlidirlər.
Əgər onlar Çin, Rusiya və Qərb arasında daim manevr edən tərəf olmaq istəmirlərsə, əksinə, müstəqil və güclü bir qütbə çevrilmək niyyətindədirlərsə, o zaman Turan birliyi ideyasına doğru daha ciddi addımlar atmağa məcburdurlar.
Təəssüf ki, Türk dövlətlərinin bəzilərində avtoritar idarəçilik mövcuddur və bu hakimiyyətlər də müxtəlif formada ya Rusiyadan, ya Çindən, ya da Qərbdən asılı vəziyyətdədirlər. Bu isə ortaq siyasi iradənin formalaşmasını çətinləşdirir.
Düzdür, bu gün Recep Tayyip Erdoğan kimi liderlərin siyasi çəkisi Türk dövlətlərini bir araya gətirə bilir. Amma heç bir lider əbədi deyil. Bu səbəbdən birlik yalnız bir şəxsin siyasi nüfuzuna bağlı olmamalıdır”.
Politoloq əlavə edib ki, Türk xalqları da, Türk dövlətlərinin rəhbərləri də artıq ortaq məqsəd və hədəf anlayışına gəlməlidirlər:
“Yəni söhbət yalnız formal əməkdaşlıqdan yox, konkret strateji istiqamətdən getməlidir. Məsələn, Kassym-Jomart Tokayev bildirir ki, bu birliyin geosiyasi və hərbi məqsədi yoxdur. Əlbəttə, müəyyən mənada onun belə danışmağa məcbur olduğunu demək olar. Çünki regionun siyasi reallıqları və böyük güclərin təsiri bunu diktə edir.
Amma artıq bu düşüncə dəyişməlidir. Türk dövlətləri anlamalıdır ki, Türk birliyi özü böyük bir gücə çevrilmək potensialına malikdir. Bu gün Türkiyə artıq əvvəlki Türkiyə deyil. Regional və qlobal siyasətdə daha təsirli aktora çevrilib. Buna görə də daha cəsarətli, daha açıq və daha səmimi addımlar atılmalıdır.
Daim “Moskva nə deyər?”, “Pekin necə reaksiya verər?”, “Vaşinqton və ya Brüssel necə yanaşar?” düşüncəsi ilə hərəkət etməkdən çıxmaq lazımdır. Çünki ciddi və nəticə verən siyasətin əsas xüsusiyyətlərindən biri cəsarətdir. Cəsarətli və səmimi siyasət olmadan böyük strateji hədəflərə çatmaq mümkün deyil. Əks halda, bütün bu birlik ideyaları yalnız protokol xarakterli görüşlər və formal bəyanatlardan o yana keçməyəcək”.
Ayhan
12:00 25.05.2026
Oxunuş sayı: 57