Mikayıl Müşfiqin varisi Müşfiqin ölümü ona görə 1939 yazılır ki...
Repressiya qurbanı Mikayıl Müşfiqin ölümü ilə bağlı araşdırmamız davam edir. Araşdırmaya davam etdikcə əldə edilən faktlar yavaş-yavaş saxta iddiaları, yalançı şahidlərin dediklərini kölgədə qoyur. Xüsusən də sənədlər və Müşfiqin qohumlarının dedikləri. Bu gün Mikayıl Müşfiqin yaxın qohumu, əmisi nəvəsi ilə onun ölümünün tarixi və səbəblərindən danışdıq.
Mikayıl Müşfiqin əmisi nəvəsi Reyhanə İsmayılzadə Crossmedia.az-a açıqlamasında qeyd edib ki, o vaxt o uşaq idi: "Amma Müşfiqin bacısı Balacaxanımı görmüşəm. Məni aparıb özünə övlad eləmək istəyirdi. Tək qadın olduğuna görə bir neçə dəfə müraciət etsə də, götürə bilməyib. Çox vaxt onun yanında olmuşam. Mikayıl Müşfiqin öldürülmə tarixi dəqiqdir. 1938-ci il yanvarın 6-sı. Mənim anam da bizdən çox əvvəl gedib arxivləri araşdırıb və görüblər ki, həmin tarixdir. Anamın qeydləri var orada yazırdı hər şeyi sadəcə tapa bilmirəm çox təəssüf. Sonra bizdə şabalıdı bir dolab var idi, onu da Balacaxanımgildən gətirmişdik. Müşfiqin dolabı idi. Müşfiqlə bağlı ağlımda çox şeylər var. Atamın dedikləri, qohumlarımızın danışdıqları hamısı ağlımdadır. İlk güllələnmə kamerada olub Mircəfər Bağırov tərəfindən. İkinci güllələnmə isə cəllad tərəfindən həyata keçirilib. O, cəllad Balacaxanım rəhmətə gedəndə üzr istəmək üçün evimizə gəlmişdi. Bağışlanmaq üçün gəlmişdi. Hündürboy bir kişi idi. Qardaşım onu qovdu amma, atam dedi ki, toxunmayın. Halallıq almağa gəlmişdi. Balacaxanım 1970-ci il yanvarın 23-də rəhmətə getdi. Mənim qucağında öldü. Dilbər xanımla Leyla xanımı (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadə və qızı Leyla Axundzadə) gətirdik. Üç gün burada qaldılar. Mən də onda 8-ci sinifdə oxuyurdum. Artıq heç kimi yox, bir tək məni tanıyırdı. Məni də övladı kimi sevirdi, həmişə yanında olurdum".

R.ismayılzadə qeyd edib ki, müharibə vaxtı (1941–1945) neçə-neçə insan öldü, şəhid oldu: "Müharibədə həlak olanların harda basdırıldığı bilinmirdi, neçə il sonra ölüm xəbəri gəlirdi və həmin tarixlə qeydiyyata alınırdı. 1939-cu ildə Dilbər xanıma Müşfiqin ölüm tarixi haqqında sənəd göndərildi. Heç bir şey də yazılmamışdı. Ona görə də sənəd gələn il onun ölüm tarixi kimi qeydə alındı. Yəni illər keçib, araşdırıblar, bu adam haqqında məlumat yoxdur, həyatda yoxdur. Amma demirlər 1939-da öldüb, harada basdırılıb? Bir neçə il əvvəl bir məzar tapıldı. Bir qəbirdə 10 adam — qadın və kişilər bir yerə atılıb basdırılıb. Orada Müşfiqin də qalıqlarının olduğunu deyib ekspertizaya göndərdilər. Amma mənfi rəy gəldi".
19:31 14.09.2026
Oxunuş sayı: 59