Trampın İranla bağlı yeni qərarı - Tehrana qarşı "Venesuela planı" tətbiq ediləcək
ABŞ Prezidenti Donald Trampın İranla bağlı “Venesuela ssenarisi”nin tətbiq oluna biləcəyini açıqlaması Vaşinqton-Tehran qarşıdurmasında yeni mərhələ ehtimalını gündəmə gətirib. Tramp ABŞ-nin İran ərazisində qalaraq ölkənin neft resurslarından istifadə edə biləcəyini də bildirib. Bu açıqlama ABŞ-nin İrana qarşı hərbi təzyiqlə yanaşı, ölkənin enerji resurslarına nəzarət imkanlarını da nəzərdən keçirə biləcəyi barədə müzakirələri artırır. İran müharibəsinin artıq yeddinci aya keçdiyi bir vaxtda belə yanaşma regionda gərginliyin və enerji bazarlarında qeyri-sabitliyin daha da dərinləşməsi riskini gündəmə gətirir. Maraqlıdır Venesuelaya tətbiq edilən ssenari həqiqətən İran liderinə də tətbiq edilə bilərmi?
Politoloq Zərdüşt Əlizadə Crossmedia.az-a açıqlamasında ABŞ-nin Venesuelada həyata keçirdiyi əməliyyatın İran nümunəsində təkrarlanmasının nəzəri baxımdan mümkün olduğunu, lakin bunun üçün ciddi şərtlərin yerinə yetirilməli olduğunu bildirib: “Venesuelada onlar vitse-prezidenti, Daxili İşlər və Təhlükəsizlik nazirlərini satın almışdılar, onlara rüşvət vermişdilər və ya hədələmişdilər. Maduro ətrafında yalnız onun kubalı keşikçiləri, təxminən 100 nəfər qalmışdı. Həmin satqın nazirlərin və siyasətçilərin köməyi ilə o 100 nəfər kubalı keşikçini öldürdülər və Maduronu yatağından arvadı ilə birlikdə götürüb Amerikaya apardılar. Yəni bu, çox dəqiq hazırlanmış əməliyyat idi”.

Politoloqun sözlərinə görə, İranla bağlı vəziyyət Venesueladan fərqlənir və burada əsas maneələrdən biri İnqilab Keşikçiləri Korpusunun rəhbərliyə sadiqliyidir: “İran Ali Dini Rəhbərini İnqilab Keşikçiləri, Pasdaran qoruyur. Bu İnqilab Keşikçiləri İslam İnqilabına sadiq adamlardır. Bu yaxın həftə nümunə də göstərdilər ki, Amerika İran İslam İnqilabının Keşikçilərinin rəhbərinə 1 milyard dollar təklif edib ki, inqilabı satsın. O da onları ələ salıb”.
Zərdüşt Əlizadə qeyd edib ki, ABŞ-nin İran daxilində daha əvvəl həyata keçirdiyi əməliyyatlar da uğursuzluqla nəticələnib: “Venesuela nümunəsini həyata keçirmək üçün quru əməliyyatı keçirməlidirlər. Amerika İranda bir dəfə quru əməliyyatı keçirmişdi, 1979-cu ildə Amerika diplomatları girov götürüləndə. Bir neçə vertolyot və təyyarə ilə böyük miqdarda desant çıxarmışdılar. Orada uğursuzluğa düçar olmuşdular. Həmçinin keçən il İsfahan yaxınlığında zənginləşdirilmiş uranı götürmək üçün quru əməliyyatı keçirdilər. İranın daxilində indiyəcən uğurlu əməliyyat keçirməyə müvəffəq olmayıblar. Ona görə düşünürəm ki, əgər İslam İnqilabı Keşikçiləri arasında, rəhbərliyi arasında hansısa satqın tapılmasa, rüşvət alıb Ayətullahı satmasa, onların İranda belə bir əməliyyat keçirmək ehtimalı sıfıra yaxındır”.
Nigar Xəlilli
20:00 14.09.2026
Oxunuş sayı: 58